Zəlimxan Yaqub: “Mənə təzyiqlər olur”




"İranın "Koroğlu" iddiası kökündən cəfəngiyatdır. Farslar onu yüz dəfə də bundan sonra yazsınlar, yenə də xeyri yoxdur. "Koroğlu" saçından dırnağına kimi türk oğlu türkdür".

Bunu AzNews.az-a açıqlamasında Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub bildirdi. Şairin sözlərinə görə, "Koroğlu" dastan türk dünyasının şah əsərlərindən biridir:

"Bu dastan türk dilli dövlətlərin hamısında hörmətlə-izzətlə qarşılanan bir əsərdir. Necə yəni, bu farslar iddia edir? Hansı haqla? İran istəyir yüz dəfə qərar çıxarsın, xeyri yoxdur. O bizim, türk dünyasının əsəridir. Başdan-ayağa bütün misra və sətirlər deyir ki, mən türkəm. Belə şeylər çox olur. Hətta mənə Aşıqlar Birliyi ilə bağlı təzyiqlər də olur, Almaniyada yanıma adamlar da gəlib. Deyiblər ki, aşıq sənətinin YUNESKO-nun maddi-mənəvi irs siyahısına salınması düz deyil. Onların hamısına yazılı və şifahi cavab vermişik. "Koroğlu" məsələsində də lazım gəlsə biz dövlət olaraq Mədəniyyət və Turizm Nazirliyi, Aşıqlar Birliyi, Milli Elmlər Akademiyasının Folklor İnstitutu səviyyəsində cavab verməyə hazırıq".

Bahar Rüstəmli
AzNews.az