Kulturoloqdan sərt sözlər: “O, aktyordur, falçılıq edib pullar qazanıb” - Video

“Falçıların, parapsixoloqların arxasında böyük mafioz qruplar var”.

Bunu AzNews.az-a açıqlamasında kulturoloq Aydın Xan Əbilov, özünü ekstrasens kimi təqdim edən Həsən Həsətli ilə aralarında yaranmış qalmaqala münasibət bildirərkən deyib. Kulturoloq, ikincini savadsızlıqda ittiham edib:

“Həsən savadsızdır. Falçıların bir şivənliyi var, yalan bir bəhanə tutan kimi ondan istifadə edib, əsas fikri başqa yerə yönəldirlər. İstər Azərbaycan ictimai düşüncəsində, istərsə də sosial mediasında və televiziyasında son vaxtlar dəyərlərin asınması ilə rastlaşırıq. Elə dəyərlər var ki, bəlkə də onların aşınması lazımdır. Amma oturuşmuş, sivil dəyərlərin aşınmasına yol vermək olmaz. O cümlədən, elmin xurafatla, intellektuallığın magia ilə əvəzlənməsi də məhz dəyərlərin aşınması kimi qəbul edilir. Bir neçə telekanalda biz falçılığın, magianın təbliğinə qarşı olmuşuq. Nə ali, nə də orta təhsili olan fırıldaqçı insanlar var. Bunları televiziyaya buraxaraq "zəmanənin qəhrəmanı"na çevrilməsinin əlehinə olmuşuq. Biz o cür insanların ifşası ilə məşğuluq. Xalqı cəhalətə sövq edən, təhsil almağı həvəsdən salan insanlar var ki, onarın da sırasında falçılar, cindarlar, parapsixoloqlar var. Onlara qarşı mübarizə aparmaq lazımdır. Təəssüflər olsun ki, Azərbaycanın şair və yazıçıları sinəsini qabağa verib, bunları ifşa etmək istəmirlər, qorxurlar! Hər kəs fikirləşir ki, daş mənə dəyməsin. Amma bu insanlar anlamırlar ki, belələri yetişməkdə olan nəsli fala inandırmaqla cəmiyyət üçün problemlər yaradırlar. Onların arxasında böyük mafioz qruplar var. Mən heç kəsdən qorxmadan onlara qarşı mübarizə aparacağam”.

Aydın Xan Əbilov Həsən Həsrətlini aktyor adlandırıb: “Həsən çox gözəl "aktyor"dur. O, özü də etiraf etdi ki, vaxtilə falçılıqla məşğul olub və böyük pullar qazanıb. Ziyarətə gedib qayıdandan sonra parapsixologiya ilə məşğul olub. Bu tip insanlar özünü psixoloqlara göstərməli və müalicə kursu almalıdır”.

Qeyd edək ki, televiziya verilişlərinin birində ekstrasens kimi tanınan Həsən Həsətli ilə kulturoloq Aydın Xan Əbilov arasında dava düşüb. Davaya səbəb kulturoloqun ekstrasensə “ə...” deyə müraciət etməsi olub. Bundan əsəbləşən ekstrasens, cavabında “Vuraram, aşırdaram, kimsə məni tənqid etsə” - deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az