Mələkxanım: “Son günlər məni qaralayıblar”- Müsahibə

5 aydır bu xanımla görüşə "yol gəlirdik". Nəhayət, tale bizi muğam ifaçısının dərs otağında görüşdürdü. Mələkxanımın Əyyubovanın tələbələrinə qarşı həssas münasibəti, öyrətmək həvəsi gözümüzdən yayınmadı. Hətta bir tələbəsini danlayıb ilin sonuna kimi öyrənmək üçün tapşırıq verməyi də unutmadı. Elə müsahibəmiz də tələbələrin yanında baş tutdu.


- Muğam ifaçısı kimi daim sevilib, gündəmdə qalmağınızın sirri nədir?

- Mən hər şeyin yerini bildiyim üçün sevilib, hörmətlə qarşılanıram. Muğam ifaçısı olmaq özü bir sanballılıq və hörmət tələb edir. İfaçı ifasından öncə özünü sevdirməlidir. 33 ildir sənətdəyəm, ilk gündən fikrim nə olubsa, bu gün də o düşüncədəyəm. Elə muğam ifaçıları var ki, çıxışı ilə dinləyicini muğamdan iyrəndirir. İfaçı da var ki, adi bir muğam oxumaqla muğam sənətini sevdirir. Əsas şərt arzu olunan yerdə muğam oxumaqdır. Elə məclislər olur ki, mən ağzımı açıb muğam oxumuram. O yerdə muğam istənilmirsə, niyə də oxuyum?

Nəyə görə muğamı hörmətdən salım? Amma bəziləri var, başından da vurursan ki, dayan oxuma, sadəcə bağırır. Digər tərəfdən muğamı savadlı, dünyagörüşü geniş insanlar sevir. Muğam bir aləmdir. Onu dərk etmək düşünən beyinlərin məhsuludur. İndi çoxları yüngül, həzmi asan olan musiqiyə qulaq asır, o avaza qaçır. Amma elə gənclərimiz var ki, ailəsindən aldığı tərbiyə və düzgün yönləndirməyə görə artıq muğamı dərk edir və sevirlər. Həm də əvvəllər muğamı xalq öz arasında yaşadırdı. İndi isə dövlət səviyyəsində təbliğ olunur. Muğamı oxumaqdan çox çatdırmaq lazımdır. Tamaşaçını bezdirmək olmaz.

Mən tez-tez xaricdə konsertlər verirəm. Mən oxuyanda dilimizi başa düşməyən insanlar göz yaşı axıdır. Sonra yaxınlaşıb deyirlər ki, biz sizi başa düşmürük, amma səsinizdə olan yanğı bizi ovsunlayır. İki ağız muğam oxu, lazımlı yerdə oxu. Hər işdə siyasət olduğu kimi, bu işdə də siyasətçi olub, psixoloqluq edib, tamaşaçının nəbzini tutmaq lazımdır. Tamaşaçının nəbzini tutmadınsa, nə oxuyursan oxu, necə oxuyursan oxu, tamaşaçı səni qəbul etməyəcək. Bir də gərək "səhv düşəndə yerimiz" olmaya. İllərin təcrübəsi, düzgün addım sənə sənətkar və ustad adını qazandırır.

- Bir az müəllim kimi özünüzdən danışın.

Tələbələrinizin sizi necə heyranlıqla süzmələri gözlərindən oxunur. Siz ilk qadın xanəndə professorsunuz. Onlar fəxrlə sizin kimi müəllimin qarşısında oturublar. Tələbələrinizlə aranızda mübahisə olur?


- Mən müəllim-tələbə münasibətinə də nizam-intizam qoymuşam. Bu işimə də psixoloq kimi yanaşıb, siyasətlə muğamın incəliklərini onlara sevdirirəm. Lazım gələndə dostları oluram. Bəli, mən Azərbaycanda muğam üzrə ilk qadın professoram. Bu adı layiqincə daşıyıram. Tələbələrimlə düzgün münasibət qurmuşam. Onlar məni, mən də onları başa düşürəm.

- Mələk xanım, bu gün bəzi gənclərin səhnə davranışı, səhnə mədəniyyətini bəyənmirsiniz. Böyük-kiçik yeri bilməmələrindən gileylənirsiniz. Necə olsalar, sizin kimi sevilib, gözəl görünərlər?

- Birinci mikrafonu əllərində düz tutmağı öyrənsinlər. Müğənni səhnə arxasından səhnəyə gəlib, oxuyana kimi böyük bir yol keçir. Bunların hamısı tamaşaçının gözü qarşısında olur. Əgər sənətçi ifasına qədər, səhnəyə gəlib dəfini, mikrafonunu əlinə alana kimi tamaşaçını ələ aldısa, aldı, almadısa sonra istəyir göydən quş tutsun, tamaşaçı onu qəbul etməyəcək. Mən bu gün tələbələrimə birinci səhnə mədəniyyətini və davranışını öyrədirəm, oxumaq sonrakı eşqdir.

Dünyanın hansı səhnəsi olursa olsun, tamaşaçını gözlədirəm. Çünki onları sevirəm və hörmət edirəm. İstəyirəm ki, onlar mənim konsertimdən çıxanda deməsinlər ki, heyf pulumuza və dəyərli vaxtımıza. Mən tamaşaçıma zövq verirəm. Çalışıram ki, istər ifamla, istərsə də səliqəli görünüşümlə tamaşaçının gözünü oxşayım. Xanım ifaçı ədası ilə, kişi ifaçısı şücaəti ilə səhnədə nümunə olmalıdır.

Əgər sənətkar adını layiqli qazanmaq istəyirsənsə, gərək həmişə düzəndə olasan. Səhvsiz, qüsursuz görünməlisən ki, baxan gözlər səni gözəl qəbul etsin. Bir də görürsən, ilahi bir oxuyan çıxıb efirə saç, baş, göz, üz, qaş nə haldadır, səsi də nə gündə. Heç ifasına qulaq asmadan kanalı çevirirlər. Amma heyf ki, elələri bu gün özünü hamıdan yüksəkdə hesab edir. Hansı ki, çoxdan səhnədən getməlidir. Çox heyf! Belə
ifaçının konsertinə gələn adam deyir ki, kaş bu qədər pul verib vaxtımı hədər etməzdim. Elə bir manat verib diskini alıb yolda qulaq asardım. Bununla da balans itir.

Gərək balansı, dəsti-xəttini elə qoruyasan ki, hər an səni görməyi arzu edələr. Bu balansı qoruya bilmirsənsə vaxtında hörmətlə sənətdən uzaqlaş. Nəinki pis gündə çıxıb hörməti də məhv edəsən. Bir insan deyə bilməz ki, Mələkxanımı efirdə gördüm, gözümü onun səliqəsi, ifası və başqa mənfi halı yordu. Saçımı necə edim gözəl olsun, üzümə nə vurum təravətli görünsün? Tamaşaçımı sevirəm, ona zövqsüz sima göstərməyə ixtiyarım yoxdur. Gənclərə örnəyik. Nə olsun ki, illərdi oxuyuram. Tamaşaçı üçün mən hər gün, hər ifamda yeni bir gözəllik bəxş etməliyəm.


- Efirlərdə az görünməyinizə səbəb nədir?

- Mən "hap-şup" efirə çıxa bilmərəm. Heç vaxt efirə tez -tələsik getmirəm. O gün bir kanalın əməkdaşı zəng edib qonaq çağırdı, dedim yox. Mənim manikurum, pedikurum, saç düzümüm, geyimim yerində olmasa, yüz il evdə oturaram, efirə çıxmaram. Aparıcı deyir, ay Mələkxanım, siz onsuz da gözəlsiniz, səliqəlisiniz. Yox, elə görmüsən deyə elə deyirsən.

Bu gün efirdə görsənmək xatirinə, bu halda gəlsəm, baxan da deyəcək bu qız həmişə səliqəli efirə çıxardı, görəsən nə olub? Nəyə görə mən tamaşaçıya özüm haqqında mənfi düşünmək imkanı verim? Bir ildə iki dəfə çıxaram, bütün ilə dəyər. Ən birinci sənə baxan tamaşaçıya hörmət etməlisən. Mən yorğun və yuxusuz olanda efirə çıxmıram. Gecə konsertdə olub, iki saatdan sonra efirə gəlib, "bağışlayın bu gündəyəm, axşam tədbirdəydim" deyə bilmərəm. Mənim tamaşaçıma hörmətim var. Gündəmdə olmaq xatirinə efirə çıxmaq mənə lazım deyil.

Mənim üçün ən vacib olan nöqtə, tamaşaçının ürəyində, fikrində düzənli qalmaqdır. Tamaşaçı məndə nöqsan görməməlidir. Hazırlıqsız efirə çıxmamışam, çıxmaram da. Özü də indiki zəmandə səliqəsiz görünmək heç olmaz. Mənim imkanım olmasaydı, barışardım, çıxmazdım səhnəyə. İnsan öz nöqsanını görməyəndə yazıq olur. Mən özümü kənardan görürəm, tənqidi yanaşıram. Zövqlü olmaq lazımdır. Ucuz geyinmək ayıb deyil, əsas odur ki, səliqəli görünəsən.

- Keçmişinizlə bağlı bir az danışaq...

- Musiqiçi ailəsində tək böyümüşəm. Ailədə çox uşaq idik. Bibimin övladı olmayıb, məni veriblər o saxlayıb. O da məni üfürə-üfürə böyüdüb. Nöqsansız, səliqəli. Həqiqətən anama hər zaman təşəkkür borcluyam. O olmaz, bu olmaz deməyi ilə məni bezdirirdi. Amma bu gün mən özümü düzgün ana kimi, həyat yoldaşı kimi, insan kimi, sənətkar kimi qüsursuz görəndə yüz dəfə dua edirəm. Tələbə yoldaşlarım, sinif yoldaşlarım mənimlə fəxr edir.

Onlar mənə həmişə deyir ki, Mələkxanım, sən nə arzu edirdin hamısını həyata keçirdin. Həmişə gözəl ailə, çox uşaq istəyirdim. Ucalmaq, dünyaya səs salmaq istəyirdim. Şükür Allahın bu gününə. Mən sağa-sola, aşağı-yuxarı baxıb kimdə nəsə var, məndə niyə yoxdur deyib, paxıllıq edib başımı, vaxtımı boş yerə xərcləməmişəm. Uşaqlıqda necə idimsə bu gün də o saflıq, düzgünlük mənimlədir. Mənim kumirim Zeynəb Xanlarova olub. Qulu Əsgərov o səs bənzərliyini mənə tərgitdi ki, özün olmalısan, yoxsa sən yadda qalmayacaqsan.

Həqiqətən də mən o ampuldan çıxdım, özüm kimi yaddaşlarda iz qoydum. Zeynəb Xanlarova və ya mən eyni səsdə idik. Mən oxuyurdum, üzünü o yana tutan adam deyirdi ki, eynilə Zeynəb Xanlarova oxuyur. Deyirdim belə dünyaya səs salıb məşhur olacağam. Həmişə cavan qalacağam, qocalmayacağam. İnsan həmişə inamla yaşamalıdır. İnsan beyni kompüter kimidir, nə ötürdük, elə də cavab alacağıq. Ona görə həmişə gözəl fikirləşib gözəl görmək lazımdır ki, yaxşılarla mükafatlanaq.

- Mələk xanım, hamı bilir ki, sizin gözəl ailəniz var. Axı çoxları deyir ki, həm ailə, həm sənəti bir arada saxlamaq olmur. Siz bunu necə bacarırsınız?

- Yenə də uşaqlığıma qayıdaq. Mən ailə və uşaq istəmişəm. Birinci arzum bu olub. Ailəm, sonra sənətim. Əgər bu gün də həyat yoldaşım oxumağımı istəməsə, bu sənətdən dəfimi qoyub gedərəm. Mənim üçün birinci yerdə ailəm durur. Mən birinci ailəmin sənətkarıyam, sonra da xalqımın. Soruşdunuz ki, xalq sizi niyə hələ də sevir? Ona görə ki, məni nümunəvi insan kimi misal çəkməkdən utanmırlar. Mən bu günə kimi nə xalqımın, nə də ailəmin başını aşağı salacaq addım atmışam. Nə qədər gözəl sənətkar olsam da, mənim üçün birinci ailəmdir.

Hətta təzə ailə quranda yoldaşım qadağa qoydu, bir il efirə çıxmadım, oxumadım. Sonra özü istədi, dayaq durdu mənə, yenidən onun istəyi ilə çıxdım efirə. Sənətimi nə qədər sevsəm də, yenə birinci ailəmin fikridir. Mən heç vaxt barışa bilməzdim ki, lap dünya ulduzu olsam belə, ailəm olmasın. Şan-şöhrəti ailəmə qurban verərəm. Ailəsiz nəyimə gərəkdir yaxşı sənətkarlıq? Budur mənim fikrim və fikrimdə qətiyəm.

- Sənət yoldaşlarınızla münasibətlərinizi bilmək istərdim...

- Bizim bəzi gənc qadın ifaçılarımız özləri etiraf edir ki, məndən örnək alıb bu sənətə gəliblər. Çünki kişilərimizin bəzilərində belə bir fikir formalaşdırmışdı ki, müğənni ilə evlənib onu evinə xanım etmək olmaz. Sağ olsun o insanlar ki, dua edib deyirlər ki, ay Mələkxanım, Allah balalarınızı yarıtsın, sən bizə nümunə oldun, bizim də ailəmiz oldun. Allah hamısını yarıtsın. Mən sənət adamlarından kiminsə ailə qurduğunu eşidəndə çox sevinirəm. O baryeri mən sındırdım, deməli olar. Hər kəsin özündən, tərbiyəsindən asılıdır.

Mənə hamı deyir ki, Mələkxanım, sizdə qüsur tapmaq olmur. Çünki, bibim məni düzgün yönlədib, saf tərbiyə verib. Məni akademik, hüquqşünas kimi böyüdüb. Dərs-ev, ev-dərs. Heç vaxt rəfiqəm olmayıb. Mən təmiz, düzgün böyümüşəm. 11-ci sinif şagirdi idim, bibim qapını üstümə bağlayıb işə gedirdi. İndikilərin üstünə qapı bağlamaq olar? Anam (bibim) məni elə böyütdü ki, bir də ayıldım nöqsansızam.

- Son üç ildə səhnədə çox uğurlarınız olub. On ilə görülə biləcək işlərin öhdəsindən qısa müddətdə gəldiniz. Nə güc verdi sizə bu qədər işlərin öhdəsindən gəlməyə?

- Elədir. Amma vallah, son vaxtlar bu uğurlarımdan sonra məni qaralayıblar. Yeganə müğənniyəm ki, qalmaqalda adım hallanmayıb, qalmaqala da çəkə bilmirlər. Mən çox mehribanam. İki ildə mənim uğurlarım lap çox oldu, həzm edə bilmədilər, vurdu çıxdı üzə. Otururlar muğam müsabiqəsindən guya, ad çəkmirlər, "Rast"dan danışırlar. Otuz ildə "Rast"ı bir qadın oxuyub, da o da mənənəm. Adımı çəkməsən də açıq-aydın hamı kimdən danışdığınızı bilir. Söz atın.

Mənim onlara cavabım hər gün bir az da artmaq, yüksəkliklərə ucalmaq olacaq. Onların hərəkətinə, səviyyəsinə sənətimlə cavab verəcəyəm. Onlar daxillərindəki paxıllığı öldürə bilmirlərsə, mən nə edim, məndə yoxdur. Özümə, səsimə, mədəniyyətimə güvənirəm. Mən sənətim ilə cavab verəcəyəm.

- Yaxın gələcəkdə konsertiniz gözlənilir?

- İnşallah yeni ilə gözəl bir konsert düzənləyəcəyəm. Mən ancaq özümlə, ailəmlə, sənətimdəki yeniliklərlə gündəmə gələcəyəm. Mən səviyyəmi heç bir vaxt aşağı sala bilmərəm.

- Mələk xanım, bu gün gözəl və baxımlısınız. Əgər ehtiyac olsa, estetik əməliyyat elətdirərsiz?

- Hələ ki, şükür, gözələm, özümə baxıram. Ancaq əgər ehtiyac duyaramsa, gələcəkdə mütləq edərəm. Niyə də olmasın? Biz sənət adamıyıq, daim gözəl və şarmlı olmalıyıq. Ancaq bir söz deyim ki, onu elə eləmək lazımdır ki, suni görünməsin, təbii olsun. Yaşına uyğun şəkildə gözəl görünmək lazımdır. Amma indi bəziləri əksinə əməliyyatlar etdirib, özlərini daha da hörmətdən salırlar. Nur qalmalıdır, üstünə nur gətirməlisən. Əlavə edə bilmirsənsə, daha da bərbad etmə. Soruşmaq lazımdır ki, 40 yaşında görünməklə nə demək istəyirsən?

Aygün
AzNews.az
image description image description image description image description image description image description image description