Azərbaycanlı yazarın kitabları Türkiyədə satışa çıxarıldı

Azərbaycan yazıçısının kitabları Türkiyənin 550 nöqtəsində satışa çıxarıldı


Azərbaycan yazıçısı Varisin "Sənə inanıram" və "Yetmiş yeddinci gün" romanları bu günlərdə Türkiyənin nüfuzlu "IQ Kültür Sanat yayınçılık" nəşriyyatında işıq üzü görüb.

Romanları Türkiyə türkcəsinə qardaş ölkənin tanınmış yazarı İmdat Əfşar tərcümə edib.

Bu gündən etibarən hər iki kitab Türkiyənin ən böyük yayın və dağıtım evləri (Yeni Zamandar Dağıtım, İşık, Kırmızı Yayıncılık, Fen Bilimləri, Bahçeşehr, Kubbealtı, Nubihar, Karakutu, Araf, Kent, Ögretme Dünyası, Seda, Vefa, Akmed Yayınları və s.) vasitəsilə 550 nöqtədə satışa çıxarılıb.

Eləcə də kitabların Türkiyənin ən böyük elektron kitab satışı portalları (Kitapyurdu.com; kitapstore.com) vasitəsilə də satışına başlanılıb.

Bu arada növbəti – 2014-cü ildə yazıçının romanlarının dərci ilə bağlı Türkiyənin daha 4 döyük nəşriyyatı maraq göstərməkdədir.

Bu il yazıçının iki romanı – "Sonuncu ölən ümidlərdir" və "Sənə inanıram" istedadlı özbək yazarı Rustam İqbolun tərcüməsində Özbəkistanda da işıq üzü görüb.

Xatırladaq ki, Varis azərbaycanlı oxuculara "Sonuncu ölən ümidlərdir", "Bir ovuc torpaq", "Sənə inanıram", "Əzilmiş fotoşəkillər", "Yetmiş yeddinci gün", "Yol ayrıcında azıb qalanlar" kimi bestsellerlərlə tanışdır. "Bir ovuc torpaq" və "Sənə inanıram" romanlarına dövlət sifarişi ilə çoxseriyalı bədii televiziya filmləri çəkilib. Yazıçı Azərbaycan hökumətinin "Qızıl kəlmə" ali ədəbiyyat mükafatı laureatıdır.


AzNews.az