“Böyüməyən uşaqlar“ın təqdimatı keçirildi

AzNews.az xəbər verir ki, bu gün Bakıda modern.az-ın baş redaktoru Elşad Eyvazlının Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşağın faciəsinə həsr olunmuş "Böyüməyən uşaqlar" kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə millət vəkilləri, Şuşa rayon İcra Hakimiyyəti, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov çıxış edərək bildirib ki, Xocalıda hər iki valideynini itirmiş bu gənclər heç bir günahı olmadan dəhşətlə qarşılaşıblar.

O, qeyd edib ki, bu gənclərə, hər bir döyüşçüyə, şəhid ailələrinə diqqət və qayğı ilə yanaşılmalıdır.

B.Səfərov xalqımızın başına gələn faciələrin unudulmaması üçün belə kitabların əhəmiyyətini vurğulayıb.

Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva kitabın qeyri-adi formatda yazıldığını diqqətə çatdırıb: "Çünki bu kitabda real obrazların yaşadığı həqiqətlər əks olunub. Bu həqiqətlərin içində biz erməni vandalizminin törətdiyi hadisələrlə tanış oluruq. Hər iki valideynini itirmiş bu uşaqlar heç vaxt böyümədi. Çünki onların gözləri önündə valideynləri qətlə yetirildi. Bu dəhşət onlar var olduqca gözləri önündə canlanacaq. Bu kitab bitmir. Bu kitabda həyat həqiqətləri ilə bərabər, Xocalı sakinlərinin yaşadığı dəhşətlər, qətllər, 100-lərlə ailənin bir gecədə məhv edilməsi barədə faktlar var".

Kitabın müəllifi Elşad Eyvazlı çıxışında deyib ki, kitab bədii təxəyyülün məhsulu deyil. Onun sözlərinə görə, kitabda Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların yaşadıqları dəhşət həmin uşaqların öz dili ilə oxuculara çatdırılır.

Daha sonra çıxış edənlər də kitabın əhəmiyyətini qeyd edərək Xocalı faciəsinin gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılması baxımından bu cür kitabların vacibliyini vurğulayıblar.

AzNews.az