Parisdə Azərbaycan günləri başa çatdı

Azərbaycanın tarixi dəyərlərini, zəngin mədəni irsini və reallıqlarını fransızlara daha yaxından tanıtmaq üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisin Vl rayonunun Sen-Sülpis meydanında sentyabrın 19-dan təşkil olunan "Azərbaycan şəhərciyi " çərçivəsində keçirilən Azərbaycan günləri sentyabrın 28-də müvəffəqiyyətlə başa çatıb.

AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, silsilə tədbirlərin sonuncu gün, yəni sentyabrın 28-də incəsənət ustaları qədim musiqi alətlərində klassik və milli musiqilərimizi ifa ediblər.

On gün ərzində paytaxt sakinlərinə və şəhərin qonaqlarına Azərbaycan tarixindən, mədəniyyətindən, ədəbiyyatından, incəsənətindən, musiqisindən bəhs edən kitablar təqdim olunub. Şəhərciyi ziyarət edənlər dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığı, habelə qədim milli qadın və kişi geyimləri ilə bağlı sərgilərlə, misgərlik məmulatları, zəngin mətbəx nümunələri, müxtəlif şirniyyat və mürəbbə, habelə çay növləri, ölkəmizdə istehsal olunan şərab nümunələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Azərbaycan incəsənət ustaları fransız tamaşaçıları qarşısında muğam və xalq mahnıları, milli rəqslər və caz musiqisi ilə çıxış ediblər.

Ümumilikdə, istər Paris sakinləri, istərsə də qonaqlar Azərbaycan günlərinə böyük maraq göstərib və gələn ildə ölkəmizlə bağlı bu cür tədbirlərin keçirilməsini arzulayıblar.