Azərbaycan Monrealda dünya çempionatına qatılacaq

Kanadanın Monreal şəhərində 10 rəqs üzrə keçiriləcək dünya çempionatında Azərbaycan da iştirak edəcək. AzNews.az-ın məlumatına görə, dünya çempionatı oktyabr ayının 5-6-da keçiriləcək və Azərbaycanı bu yarışda Eldar Cəfərov və Anna Sajina cütlüyü təmsil edəcək.

Yarışın proqramına əsasən, oktyabrın 5-də, Kanada vaxtı ilə saat 19.00-da Latino-Amerika proqramı üzrə seçmə mərhələ, ertəsi gün isə eyni vaxtda Avropa proqramı üzrə yarışlar başlanacaq. Sonda isə ümumi nəticəyə əsasən, peşəkarlar arasında 10 rəqs üzrə dünya çempionu elan ediləcək.

Ölkəmizi bu çempionatda təmsil edəcək Eldar Cəfərov və Anna Sajina Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə bildiriblər ki, Avropa çempionatındakı uğuru Kanadada da təkrarlamaq niyyətindədirlər və buna hazırdırlar.

Qeyd edək ki, rəqs cütlüyümüz ötən ay Avstriyanın Zalsburq şəhərində keçirilmiş qitə çempionatında birinci yeri tutub.

Fuad Mədətov
AzNews.az