“Diplomat” və “Qürbət quşları” Satışda

“Qanun” nəşrlər evi yeni tərcümə kitablarını satışa çıxarıb.



Nəşrlər evindən AzNews.az-a verilən məlumata görə, bu həftə satışa çıxan kitablar arasında ingilis yazıçısı Ceyms Oldricin "Diplomat" əsəri də var.



Ceyms Oldricin "Diplomat" romanını ana dilimizə Cəlal Nuhov tərcümə edib. Romanda 1940-cı illərdə İranda, o cümlədən Cənubi Azərbaycanda demokratik hərəkat zamanı böyük güclər arasındakı mənafe toqquşmaları təsvir edilib. İngilis yazıçısı Oldricin özü də peşəkar diplomat olub və əsərdəki baş qəhrəman Mak-Qreqor müəyyən mənada müəllifin özüdür.

Bu əsərə görə yazıçı 1953-cü ildə Ümumdünya Sülh Şurası tərəfindən qızıl medalla təltif edilib.

Qeyd edək ki, ingilis yazıçısı Ceyms Oldric nəinki gözəl bədii əsərlərin müəllifi, həm də sülhün və xalqların təhlükəsizliyinin fəal mübarizi kimi şöhrət qazanıb. Oldric İkinci Dünya müharibəsi zamanı bir sıra ingilis və Amerika qəzetlərinin hərbi müxbiri kimi dünyanın bir çox ölkəsini gəzib, Norveçdə, Yunanıstanda, Yaxın Şərqdə, İraqda və Sovet İttifaqında yaşayıb.


Satışda çıxan kitablardan biri də Türk yazıçısı Orxan Kamalın "Qürbət Quşları"dır.



Nizami Zöhrabinin tərcümə etdiyi əsərdə bir qarın çörək üçün İstanbula üz tutmuş anadolular – alın tərləri və əllərinin zəhməti ilə özlərinə yuva qurmağa çalışan sadə və təmiz qəlbli insanlar təsvir olunub. Bu insanlar Orxan Kamalın usta qələmi ilə oxuculara çatdırılır. "Qürbət quşları" romanı Türkiyənin yaxın keçmişinə və onu təqib edən bu gününə gerçək bir gözlə baxa bilmək şansı yaradır. 1950-60-cı illərdəki köçlər və tikinti-inşaat işləri ilə siması sürətlə dəyişməkdə olan İstanbul "Qürbət quşları" romanında tam gerçəkliyi ilə əks olunub.

Məlumat üçün bildirək ki, Nazim Hikmətin təsiri ilə nəsr yaradıcılığına başlayan Orxan Kamal ilk hekayələrini Bacaqsız Orxan təxəllüsü ilə yazıb. İlk dəfə 1943-cü ildə "İkdam" qəzetində dərc olunan "Asma çubuğu" hekayəsində Orxan Kamal (Orhan Kemal) təxəllüsünü işlədib. 1958-ci ildə "Qardaş payı" ("Kardeş payı") hekayəsinə görə "Sait Faik Hikaye Armağanı" mükafatını alıb. 1967-ci ildə Ankara Sənətsevərlər Dərnəyi tərəfindən ən yaxşı dramaturq seçilib. 1969-cu ildə "Öncə çörək" ("Önce ekmek") hekayəsinə görə "Türk Dil Kurumu Ödülü" və "Sait Faik Hikaye Armağanı" mükafatlarına layiq görülüb.