“Sualtı mədəni irs”imiz qanunvericiliklə tənzimlənəcək

Azərbaycan sualtı mədəniyyət obyektlərinin mühafizəsi qanunvericiliklə tənzimlənəcək. Milli Məclisdən bildirilib ki, yenidən işlənilən "Mədəniyyət haqqında" qanun layihəsinə "Sualtı mədəni irs" maddəsi əlavə olunub. Maddəyə əsasən, Azərbaycanın ərazi sularında sualtı mədəniyyət nümunələri sualtı mədəni irs nümunələrinə aid edilir.

AzNews xəbər verir ki, sualtı mədəni irsə öz təbii və arxeoloji mühiti ilə birgə obyektlər, tikililər, binalar, artefaktlar, insan qalıqları, gəmilər, uçuş və nəqliyyat vasitələri və ya onların hissələri, onların yükü və içərisindəki digər əşyalar, öz təbiətinə görə qədim tarixi əşyalar aiddir.

"Mədəniyyət haqqında" qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında milli-mədəni sərvətlərin müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Milli mədəni sərvətlər dövlət, bələdiyyə, ictimai və yaradıcılıq birliklərinin və ayrı-ayrı şəxslərin sərəncamında ola bilər.

"Mədəniyyət haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasında ikinci oxunuşda baxılması üçün plenar iclasda müzakirəyə çıxarılacaq.

AzNews.az