Azərbaycanda film kimi olay: 52 mini oğurlamaq üçün görün nələr etdi!

Polisə yalan məlumat verən şəxs saxlanılıb.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, Bərdə rayonu ərazisindəki şirkətlərin birində maliyyəçi işləyən M.Cəfərov noyabrın 2-də Rayon Polis Şöbəsinə müraciət edərək maşınından şirkətə məxsus 52 min manatın aparıldığını deyib. O, bildirib ki, Cəyirli kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub, huşunu itirdiyindən avtomobildə olan şirkətə məxsus təqribən 52 min manata yaxın pul oğurlanıb.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla M.Cəfərovun polisə yalan məlumat verdiyi üzə çıxıb.

Belə ki, onun həmin məbləğdə pulu mənimsəyərək Ağdam rayon sakini olan qohumunun evində gizlətdiyi və qəsdən yol-nəqliyyat hadisəsi törədərək pulun oğurlanması barədə yalan məlumat verdiyi müəyyən edilib.

M.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb, göstərilən miqdarda vəsait şirkətə qaytarılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az