Qadın ilə intim münasibət qurduğuna görə 5000 manat istədilər - Cinayət işi

Evə qonaq çağırıb və...

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Aydın Qurbanov, Mais Mirzəyev, Fərid Xudaverdiyev və Həmid Alməmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

AzNews.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, həmin şəxslər Bakı şəhər sakini Vüsal Məmmədovdan (ad, soy ad şərti) hədə-qorxu ilə pul tələb ediblər.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.Məmmədov ötən il martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib.

Onun sözlərinə görə, sonradan həmin evə gələn digər naməlum şəxs özlərini həmin qadının əri və qohumları kimi təqdim edib, onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər.

Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslərdən biri olan H.Alməmmədov qısa müddətdə müəyyən edilərək polis tərəfindən saxlanılıb. Göyçay rayon sakini olan H.Alməmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Daha sonra digər şəxslər də cinayət məsuliyyətinə cəlb edilib.

Azər
AzNews.az