260 manata görə adam öldürmüşdü - 18 il iş verildi

Polislər meyiti çürümüş halda tapıblar

Pula görə qətl törədən şəxsin kassasiya şikayətinə baxılacaq.

AzNews.az-ın məlumatına görə, məhkum olunan Xalıqov Rövşən Gülbala oğlunun məhkəmə prosesi fevral ayının 27-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2016-cı il 17 iyun tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq yolu ilə qətl törətməkdə təqsirləndirilən Rövşən Xalıqov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci il iyunun 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb.

Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirilməsi müəyyən edilib.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Xalıqov tutulub.

Hadisəsini törətdikdən sonra onun evdən 260 manat pul apardığı məlum olub.

R.Sadıqov Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla törəldildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, R.Xalıqov 2015-ci ildə oğurluqda təqsirli bilinərək, həbs edilib. Məhkəmənin hökmü ilə o, 2 min manat məbləğində cərimə edilib.

Azər
AzNews.az