Nişanlısını öldürüb, qayınanasını yaraladı - Nişandan 2-3 saat sonra...

Babasına məxsus ov tüfəngini götürərək...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

AzNews.az-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 25-nə təyin edilib.

Qeyd edək ki, ötən il may ayının 31-də Sabunçu rayonu Qılman Salahov 15 ünvanında baş verib.

Belə ki, Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü S.Qədimovun ailəsi 2001-ci il təvəllüdlü Cəfərovlar ailəsinin qızı Aytən Cəfərovaya elçi gedib. Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək yenidən A.Cəfərovanın yaşadığı evə gedib. Daha sonra o, tüfənglə A.Cəfərovanın başına və bədəninə atəş açıb. S.Qədimovun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.

Hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. E.Cəfərovanın həyatını xilas etmək mümkün olub. E. Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib. A.Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

Azər
AzNews.az