“Unibank” kredit məsələsində jurnalistə qarşı məhkəmə predmeti olan 4 qanunsuzluğa yol verib...

"Bankın heç bir yetkilisi onu qəbul etmək istəməyib"

“Bakı Xəbər” qəzetinin əməkdaşı Samirə Səfərovanın 2013-cü ilin avqustunda “Unibank”dan kredit götürməsi və iki il keçmədən ciddi problemlərlə üzləşməsi barədə xəbər vermişdik.

Bu barədə oxumayanlar üçün qısaca xatırlatma verək ki, 2013-cü ilin avqustunda əməkdaşımız “Unibank”dan 3 min manat kredit və min manatlıq Al kart götürüb. Bir il aylıq ödənişlərini düzənli etdikdən sonra 2014-cü ilin iyul ayında yenidən həmin banka müraciət edərək daha min manat kredit götürüb, bu krediti isə ona dollarla hesablayacaqlarını bildiriblər, jurnalist dollarla istəmədiyini dedikdə isə bildiriblər ki, pulu ona manatla verəcəklər. Lakin çox keçmədən, ayda bir neçə dəfə ödəniş etmək həm maddi, həm də fiziki cəhətdən çətinlik törətdiyi üçün banka müraciət edərək kreditlərinin birləşdirilməsini və beləliklə ayda bir dəfə ödəniş etməsini istəyib və 2014-cü ilin dekabrında onun kreditlərini birləşdirərək ümumi məbləğin 5 min dollar etdiyini deyiblər (manatla bu məbləğ 3900 manat idi-red). Bildiriblər ki, hazırda bank manatla kredit vermədiyindən (!) onun da borcunu dollarla sənədləşdiriblər. Əməkdaşımız buna etiraz etdikdə isə deyiblər ki, bunun sizə dəxli yoxdu, siz ödənişlərinizi dollar ekvivalentində manatla edəcəksiz. Lakin iki ay keçmədən, məsələnin xanım jurnalistə dəxli olub, özü də birbaşa anlamda. Belə ki, 2015-i ilin fevralında devalvasiya baş verib və bankdan əməkdaşımıza zəng vurub deyiblər ki, bundan sonra aylıq ödənişləriniz 160 deyil, 192 manat təşkil edir. Əməkdaşımız banka gedərək buna etiraz edib, bildirib ki, bankdan kreditləri manatla götürüb və onların həmin məbləği dollara çevirməsinə də etiraz edib, lakin onu arxayın ediblər ki, heç bir şey baş verən deyil, o üzdən də ona hansısa şəkildə güzəşt tanınmalıdır. Lakin bankın heç bir yetkilisi onu qəbul etmək istəməyib, sıravi işçilər isə bunun onların səlahiyyətində olmadığını bildiriblər. Əlacsız qalan əməkdaşımız aylıq ödənişlərini əvvəlki qaydada – 160 manatdan ödəməkdə davam edib. Lakin 3 ay belə davam etdikdən sonra bank, ayda 160 manat ödəniş etməsinə və bunu heç bir halda yubandırmamasına rəğmən, onu məhkəməyə verib. Üstəlik, Səbail məhkəməsi də vətəndaşın mənafeyinə etinasızlıq göstərərək bankın xeyrinə addım atıb və aylıq maaşının 50 faizinin (!) bankın xeyrinə tutulması barədə qərar çıxarıb. Ədalət mühakiməsindən əli üzülən S.Səfərova 2018-ci ilin sentyabrına kimi ödənişlərini ayda 100 manat olmaqla bu şəkildə edib. Ötən ilin sentyabrında isə bankın əməkdaşları yenidən jurnalistə hər gün zəng etməyə başlayıblar. Gündə bir neçə dəfə əməkdaşımıza telefon açan “Unibank” işçiləri onu hər vəchlə inandırmağa çalışıblar ki, gəlib borcunu yenidən hesablatsa onun üzərindən məhkəmə qətnaməsi götürüləcək. Hətta deyiblər ki, bunu edərsinizsə, sizə yenidən kredit verməyə də hazırıq. Əməkdaşımız bir neçə gün bu zənglərə əhəmiyyət verməyib, bildirib ki, ona heç nə lazım deyil və borcunu eyni şəkildə ödəməkdə davam edəcək. Lakin israrlı zənglər öz işini görüb. Sentyabrın 13-də əməkdaşımız bankın Nərimanov rayonundakı filialına gedib və ona bildiriblər ki, sizə ən aşağı faiz tətbiq olunacaq, cəmi 15 faiz. Məhz bundan sonra məsələnin mahiyyəti əməkdaşımıza aydın olub – sən demə, məhkəmə qərarı qüvvədə olduğu müddətdə bank özünün soyğunçu faiz siyasətindən məhrum qalıbmış! Lakin bu sa son deyil. Əməkdaşımız sənədləri imzalayıb qalxarkən digər bank işçisinin qarşısındakı müştəriyə borcunu 7 faizlə (!) hesabladığını dediyini eşidib, lakin “bəs onda mənə niyə 15 faiz” sualı havadan asılı qalıb. Beləliklə, yeni qrafikə əsasən əməkdaşımız ötən ilin sentyabrından ayda 120 manat ödəniş etməyə başlayıb. Bu, Prezidentin problemli kreditlərlə bağlı məlum Fərmanı çıxanadək davam edib və o, Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında adının çıxmasını gözləyib. Bank isə bu müddətdə də ondan ödəniş tələb etməyə davam edib. Samirə xanım deyir ki, Palatanın saytında adının çıxması və ona 3451 manat kompensasiya hesablanması sanki çiyinlərindən ağır bir yükü qaldırıb. Təbii, bu iki aylıq müddətdə bankın onun özünə, ailə üzvlərinə, iş yerinə, hətta baş redaktoruna zəngləri ara verməyib. Mayın 15-də telefonuna bankdan gələn SMS isə onu çaşdırıb, çünki burada Palatanın təyin etdiyi 3451 manat kompensasiya məbləğı 297 manat azaldılaraq 3154 manat olmuşdu. Bank bunu mart-aprel ayları üçün ödənişlərin olunmaması və gecikmə ilə bağlı əlavə faiz hesablanması ilə izah edib, halbuki, Palatanın əməkdaşımızla bağlı açıqladığı cədvəldə “qalıq borc” qrafasında “0” yazılıb, yəni bu illər ərzində əməkdaşımızın ödədiyi pullar bankın borcunu nəinki tamamilə qapatmağa, hətta artıq ödənilən 3451 manat vəsaitin onun özünə kompensasiya şəklində qaytarılmasına yetərli olub. O halda, yəqin razılaşarsınız ki, “Unibank”ın hər cür fırıldağa əl ataraq insanları özünə borclu çıxarmağa çalışması heç cür anlaşılmır. Bütün bu qanunsuzluqlarla yanaşı onu da bildirməliyik ki, “Unibank” bu müddət ərzində əməkdaşımıza qarşı düz dörd qanunsuz hərəkətə yol verib. Birincisi, onun manatla götürdüyü krediti cəmi ilyarım sonra dollara çevirməklə, ikincisi, MBNP-nin ona kompensasiya şəklində hesabladığı məbləğdən qanunsuz olaraq 297 manat çıxmaqla, üçüncüsü, Prezidentin bərpa etdiyi ədalət sayəsində kompensasiya ödənişindən sonra da daha bir il ayda 120 manat ödəniş tələb etməklə, dördüncüsü, müştəri ilə problemə görə onun yaxınlarını və iş yoldaşlarını vaxt-bivaxt narahat etməklə. Bütün bunlar isə düşünməyə əsas verir ki, “Unibank” cənab Prezidentin ölkə əhalisinin maddi rifah halının yaxşılaşdırılmasına yönəlik addımlarına mənfi təsir göstərən fəaliyyətindən geri çəkilmək niyyətində deyil...

Mövzuya qayıdacağıq. (baki-xeber)

AzNews.az

image description image description