Karantini pozan 22 min avtomobil geri qaytarılıb

Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir

Koronavirus pandemiyasının qarşısının alınmasına dair hökumət tərəfindən xüsusi Tədbirlər Planının icrasına başlanıldığı vaxtdan, polis, ölkəyə quru və hava yolları ilə gəlmiş infeksiyaya yoluxmaqda şübhəli şəxslərin müalicə-profilaktika müəssisələrinə təxliyəsi zamanı yüzlərlə təcili tibbi yardım avtomobilini, qonşu dövlətlərə gedən 5 200-dən çox yük nəqliyyat vasitəsini müşayiət edib.

AzNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, virusa yoluxanların hospitalizasiya edildiyi və yoluxmaları ehtimal olunan şəxslərin karantinə yerləşdirildiyi 51 obyekti bu gün də sutkalıq mühafizə edir. Şəxslərin və nəqliyyatın şəhərlərarası və rayonlararası hərəkətinin məhdudlaşdırılması məqsədilə 733 postda, ictimai yerlərdə, küçə və prospektlərdə xidmət aparır.

Təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunub, 154 nəfər inzibati qaydada həbs edilib, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülüb.

Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qanunsuz daxil olmağa cəhd edən 22 min avtomobil geri qaytarılmışdır.