İran Azərbaycan vətəndaşlarını narkokuryerliyə necə cəlb edir?

"Əvvəlki dövrlərdə narkomaniya ilə mübarizə sahəsində hüquq mühafizə orqanı əməkdaşları tərəfindən vəziyyət təhlil olunub. Müəyyən edilib ki, Bakı şəhərində Papanin, Kubinka kimi tanınan ərazilərdə daha çox narkotik vasitələrin dövriyyəsi təşkil olunub. Orada polis əməkdaşları daha çox əməliyyat tədbiri keçirib. Müvafiq şəxslər tutulub və məsuliyyətə cəlb edilib".

AzNews.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun rəisi Nəcəf Aydınoğlu “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.

N. Aydınoğlu bildirib ki, son dövrlərdə qlobal problem olan narkomaniyanın daha çox yayılmasının, alqı-satqısının asanlaşmasının səbəblərindən biri sosial şəbəkələrdir: "Sosial şəbəkələr həyatımızın aktiv parçasına çevrilib. Deyərdim ki, Kütləvi İnformasiya Vasitələri, televiziyalar qədər sosial şəbəkələr də çox izlənilir. Hətta elə səhifələr var ki, milyonlarla izləyicisi var. Bu da insanlara daha çox təsir etmə qabiliyyətinə malikdir. Sosial şəbəkələr üzərində narkotik vasitələrin onlayn satışı həyata keçirilir. Bu təmassız satış növüdür. Narkotiki alan və satan şəxslər birbirini görmədən alqı-satqı həyata keçirilir".

O vurğulayıb ki, bu daha çox İran İslam Respublikası ərazisindən idarə olunur: "Narkotik səhifələri tərəfindən narkokuryerlər cəlb olunur. Vətəndaşlarımız arasında narkotikin təbliğatı həyata keçirilir. Həmin narkotacirlər narkokuryer cəlb etmək üçün bu sahəyə maliyyə bazası ayırırlar. Sosial şəbəkələrdə nisbətən kriminal səhifələri izləyən, iradəsi nisbətən zəif olan şəxslərlə danışıqlar aparır, onlara pul təklif edərək narkokuryerliyə cəlb edirlər".

Aynur