Rəşad Məcid: “Məktəblərdə vahid forma olmalıdır”

"Azərbaycan hökumətinin orta məktəblərdə vahid məktəbli geyiminin tətbiqi ilə bağlı qərarı çox müsbət hadisədir. Azərbaycan dünyəvi dövlətdir və bizim təhsil müəssisələrində də vahid məktəbli forması olmalıdır. Təəssüf edirəm ki, bu qərarı xüsusilə xaricdən olan bir sıra qüvvələr və onların dəyirmanına su tökən bəzi yerli insanlar böyük bir qalmaqala çevirmək istəyirlər. Bunu hicaba qadağa kimi təqdim edirlər. Hesab edirəm ki, orta məktəblərdə vahid geyim forması mütləqdir və Azərbaycan dünyəvi dövlətdir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid səsləndirib.

Qeyd edək ki, Azərbaycanda orta məktəblərdə vahid məktəbli formasının tətbiqi və bu qaydaların dini etiqad azadlığı ilə əlaqəsi müzakirə olunan məsələlərdəndir. Mövzu ətrafında səsləndirilən fikirlər dünyəvi təhsil prinsipləri, dini inanclara hörmət və məktəbli geyim qaydalarının tətbiqi ilə bağlı müxtəlif yanaşmaları əhatə edir.

R. Məcid bildirib ki, dinə hörmətlə yanaşılır və hicabın qadağan olunması ilə bağlı hər hansı məhdudiyyət yoxdur.

"Ölkədə, bayırda, tədbirlərdə, iş yerlərində və müxtəlif ictimai yerlərdə hicab geyinən qadınlara güldən ağır söz deyən yoxdur. Ona görə də biz ayıq-sayıq olmalıyıq və hesab edirəm ki, xüsusilə xarici qüvvələrin təsiri ilə bəzi insanların dini hisslərindən istifadə edib qalmaqal yaratmaq istəyənlərin qarşısını almalıyıq. Bu il “Molla Nəsrəddin” jurnalının 120 yaşı tamam olur. 120 il bundan qabaq böyük Mirzə Cəlil Azərbaycanda xurafata və cəhalətə qarşı bir dərgi nəşr etmişdi. O, “Molla Nəsrəddin” dərgisində qadın hüquqlarını və qadın azadlığını müdafiə edirdi. 120 il keçəndən sonra da hələ də cəhalət və xurafat girdabında olan bəzi insanları görmək çox məyusedicidir. İnanıram ki, Azərbaycanın açıqfikirli, ziyalı insanları bu məsələlərdə hökumətimizin qərarını dəstəkləyəcəklər".

Rəfiqə Namazəliyeva,

AzNews.az