Bu şəxslərin vergi bəyannaməsi təqdim etmək öhdəliyi yoxdur - NAZİRLİK

Ödəniş sənədində vergiödəyicisinin VÖEN-i göstərilməlidir

Vergi Məcəlləsinin 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər sadələşdirilmiş vergi ödəyirlər. Bərbər fəaliyyəti ilə məşğul olan şəxslərin vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi yoxdur.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, vergiödəyicisi “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almaq üçün yazılı müraciət etdikdə sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Ödəniş sənədində vergiödəyicisinin VÖEN-i göstərilməlidir. Vergiödəyicisi hesablanmış sabit vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra ona müvafiq olaraq kağız daşıyıcısında və ya elektron qaydada “Sabit verginin ödənilməsi haqqında qəbz” verilir. (AZƏRTAC)

AzNews.az