Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artdı

Göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 3 394 ədəd çoxdur

Bu ilin yanvar ayında Azərbaycana 60,993 milyon ABŞ dolları dəyərində 5 906 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

AzNews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 3 394 ədəd və yaxud 2,4 dəfə çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 18 ədəd və yaxud 2 dəfə artaraq 36 ədəd (dəyəri 3,08 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 3 293 ədəd və yaxud 2,5 dəfə artaraq 5 560 ədəd (51,358 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 659-u (3,51 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 7-si (0,079 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 77 ədəd və yaxud 35,8% artaraq 292 ədəd (4,12 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 6 ədəd və yaxud 50% artaraq 18 ədəd (2,434 milyon ABŞ dolları) olub.