İqtisadiyyat naziri birbaşa maliyyə yardımının necə veriləcəyini AÇIQLADI

"Ümumilikdə 11 istiqamət müəyyənləşdirmişik"

“Biz bu gün 9 proqram ortaya qoymuşuq. Təbii olaraq ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik. Bu, 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir”.

AzNews.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində deyib. Nazir bildirib ki, ən çox zərərçəkmiş, əhəmiyyətli dərəcədə zərərçəkmiş, minimal və heç zərərçəkməmiş iqtisadiyyatın sahələri müəyyənləşdirilib:

“Birinci və əhatəli olan proqram 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edən proqramdır. Proqramın əsas məntiqi fəlsəfəsi ondan ibarətdir ki, həmin subyektlərin işçilərinin əməkhaqqlarının əhəmiyyətli hissəsini verilməsi üçün dövlət tərəfindən maddi yardım edilməsidir. Bunlara misal olaraq ictimai-iaişə, xidmət sektoru, turizmlə bağlı sahə, ümumilikdə 11 istiqamət müəyyənləşdirmişik. Təsir 100% qiymətləndirilib. Həmin müəssisələrdə muzdlu olaraq fəaliyyət göstərən hər bir işçini əhatə edəcək.

Daha 9 fəaliyyət istiqamətində əhəmiyyətli mənfi təsir olan sahələri müəyyənləşdirmişik. Burada biz 70% əmsalını tətbiq edirik. Başqa sözlə burada təsir daha aşağıdır. Proqramın çərçivəsi ondan ibarətdir ki, burada biz işçinin real maaşını və ya respublika üzrə orta aylıq əmək haqqını götürürük. Bilirsiniz ki, yanvar ayının nəticələrinə görə, artıq orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub. Bu proqramın fəlsəfəsinə görə aylıq əməkhaqqı fondunun 50%-nə bərabər olan hissəsi birbaşa maliyyə ayrılması şəklində sahibkarlara, həmin müəssisələrə təklif edilir. Minimal təsirə məruz qalmış və ya təsirsiz ötüşmüş sektorlara baxdıqda yuxarı əmək haqqı alan işçilər məhz rabitə, bank və sığorta sektorlarınadır".

Nazir daha sonra əlavə edib ki, ikinci böyük proqram 290 min mikro-fərdi sahibkarı əhatə edir:

"Burada biz 10 işçidən az olan və ya özü fəqdi sahibkar kimi fəaliyyət göstərən müəssisələri nəzərdə tutmuşuq. Məntiq də ondan ibarətdir ki, həmin sahibkarların maliyyə yastığı azdır. İqtisadi sahəyə olan məhdudiyyətlər ilk növbədə zərbəni onlara endirir. Baza kimi həmin sahibkarların 2019-cu ildəki vergi ödənişlərini istifadə edəcəyik. Birdəfəlik yardımın edilməsindəhəmin bazaya əsaslanacağıq".

M.Cabbarov bildirib ki, üçüncü proqram vergi güzəştləri, tətilləri və imtiyazları proqramıdır: "Burada yenə də əsasən mənfi təsir altında olan, həmçinin digər sahələrdə də bir sıra güzəştlər nəzərdə tutulur. Dördüncü proqramolaraq isə ipoteka kreditlərinə dəstək nəzərdə tutulub. Bu sahə bizim üçün vacibdir. Cənab Prezidentin də sərəncamında qarşımıza qoyulan əsas vəzifə təsirin qiymətləndirilməsi və addımların atılması deyil, həmçinin ortamüddətli ölkənin iqtisadi çərçivəsi ilə bağlı təkliflərin hazırlanması ilə də bağlı idi. Pandemiyadan sonrakı dövrdə tikinti sektoru aparıcı istiqamətlərdən biri olacaq".