Azərbaycanın iri məmurlarının xaricə qaçıra bildikləri kapitalımızın iqtisadiyyatımıza geri qaytarılması və ya dövriyyəsinin təmin olunması üçün İsrail təcrübəsindən də faydalanmaq olar Azərbaycanın iri məmurlarının xaricə qaçıra bildikləri kapitalımızın iqtisadiyyatımıza geri qaytarılması və ya dövriyyəsinin təmin olunması üçün İsrail təcrübəsindən də faydalanmaq olar

İqtisadi amnistiya müəyyən çərçivələr daxilində tətbiq olunmalıdır - Mürvət Həsənli yazdı

Azərbaycanın iri məmurlarının xaricə qaçıra bildikləri kapitalımızın iqtisadiyyatımıza geri qaytarılması və ya dövriyyəsinin təmin olunması üçün İsrail təcrübəsindən də faydalanmaq olar

Son zamanlar ölkədə iqtisadi amnistiya verilməsi barədə müzakirələr intensivləşib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının gündəmə gətirdiyi bu məsələ ölkənin ən ciddi iqtisadçıları tərəfindən müzakirə olunmaqdadır. Mən də bir iqtisadçı kimi, ölkəmizin iqtisadi gələcəyini müəyyənləşdirən bu müzakirələrə qoşulmaq və bəzi konkret təkliflərimi dəyərli dövlət adamlarımızın diqqətinə çatdırmaq istəyirəm.

Əvvəla ondan başlayaq ki, iqtisadi amnistiya nədir və bu təkliflər irəli sürülərkən nə nəzərdə tutulur?

İqtisadi amnistiya antiq dövrlərdən indiyədək müxtəlif dövlətlər tərəfindən həyata keçirilsə də, termin olaraq, yekun şəklini almayıb. Bəziləri bu akta vergi amnistiyası, bəziləri maliyyə amnistiyası deyirlər. Bunun səbəbi isə həyata keçirilən amnistiya aktının əhatə dairəsindən və məramından qaynaqlanır.

Belə ki, inkişaf etmiş ölkələrdə korrupsiya yolu yaranmış “kölgə iqtisadiyyatları” mövcud olmadığından, amnistiyalar da əsasən vergi cinayətlərinə verilir. Postsovet məkanı kimi inkişaf etməkdə olan ölkələrdə isə iqtisadiyyatın böyük hissəsi gizli fəaliyyət göstərdiyindən amnistiyalar da bütün iqtisadi sistemə tətbiq edilir.

Amnisitiyaların tətbiq sahələri fərqli olduğundan mahiyyət etibarilə bu aktı iki növə ayıra bilərik: qismi və külli amnistiyalar... Adına şərti olaraq, qismi amnistiya dediyimiz birinci halda dövlətin bu humanizmindən yalnız bir və ya müəyyən sahələr yararlana bilir. Məsəl üçün vergi amnistiyasını, sənaye amnistiyasını, böyük dövlətlərdə yalnız hansısa əyalətdə və ya federal subyektdə tətbiq olunan amnistiyaları bu kateqoriyaya şamil etmək olar. Külli amnistiyalarda isə iqtisadiyyatın bütün sahələri bu aktdan faydalanır.

Düşünürəm ki, Rusiya Federasiyasında 29 may 2019-cu ildə qəbul olunmuş və onlarca iş adamının istifadə etdiyi “Kapitalın amnistiyası” adlı 111 №-li qanunlar paketinin tətbiqi təcrübəsi Azərbaycanda da istifadə oluna bilər. İqtisadi amnistiya hər bir halda müəyyən çərçivələr daxilində tətbiq olunmalıdır.

1. Mütəşəkkil cinayət dəstəsinin ortaq əmlakı kimi istifadə olunmuş kapitala heç bir halda amnistiya tətbiq edilməməlidir;

2. Qeyri-qanuni sahibkarlıq nəticəsində əldə edilmiş kapitala, digər cinayətlərin olmadığı halda amnistiya tətbiq edilə bilər, lakin, kapitalın dəyərinin 25%-dən az olmayan hissəsi dövlət büdcəsinə ödənməlidir;

3. Vergi cinayətlərinə amnistiya cinayətə cəlb etmə müddəti çərçivəsində vergi borcunun ödənərək, cərimələrdən və cinayət məsuliyyətindən azad edilmə şəklində tətbiq olunması vergi ədalətini qoruma mexanizmi olardı;

4. Kapitalın amnistiyası üçün xüsusi bəyannamə tərtib olunmalı və Azərbaycanda törədilən iqtisadi cinayətlərin xarakterini nəzərə alaraq, bəyənnamənin ilkin ünvanı DTX olamalıdır. Yalnız DTX-nın “.... bəyan olunan kapital transmilli cinayətlərdə, terrorizmdə və Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı cinayətlərdə istifadə olunmamışdır” rəyindən sonra Vergilər Nazirliyinə təqdim edilməlidir.

Misal üçün, Türkiyədə qeydiyyatda olan deyək ki, Matrix adında bir şirkət, öz kapitalını mütəşəkkil cinayət dəstəsinin köməyi ilə Azərbaycandan çıxarıbsa və sonradan da FETO və bənzəri qruplarla iş birliyi içərisində olubsa, heç bir halda amnistiyadan istifadə edə bilməməlidir. Əks təqdirdə, mütəşəkkil cinayət dəstələrində amnistiyaya bir cinayət əməlinin bir mərhələsi kimi baxarlar, bu da dövlətin nüfuzunu ayaqlar altına atar.

Adının və ya əhatə dairəsinin necə olmasından asılı olmayaraq, bütün hallarda iqtisadi amnistiyaların başlıca məqsədi “kölgə iqtisadiyyatı”nı leqallaşdırmaq və vergiyə cəlb etməkdir. Dolayısıyla bundan həm daha çox vergi gəliri əldə edən dövlət, həm dövlət büdcəsinin böyüməsi nəticəsində rifah halı yüksələn xalq, həm də oğurluqla sözün hər iki mənasında, üz qızardan vergi qaçaqçıları və korrupsioner məmurlar faydalanırlar. Hansı yolla olursa-olsun, ölkədə iş qurmağı bacaran, müəssisəsində xeyli sayda insana iş, çörək pulu qazanmaq imkanı yaradan həmin məmurlara bağlı iş adamları da çəkinmədən təsərrüfatlarını böyüdə bilirlər. Bu da sözsüz ki, hər kəsin xeyrinədir.

Zənnimcə, son zamanlar qlobal enerji bazarında neft və qaz qiymətlərinin ucuzlaşmasından sonra alternativ gəlir sahələri yaratmaq istəyən və Prezident İlham Əliyev tərəfindən ortaya qoyulan qeyri-neft sektorunun inkişafı üçün ölkəmizdən xaricə axan kapitalların yenidən geri qaytarılması üçün də iqtisadi amnistiyaların imkanlarından yararlanmalıyıq.

Amnistiyalar təkcə ölkədə fəaliyyət göstərən müəssisələrlə qalmamalı, xaricə çıxarılan kapitala da tətbiq olunmalıdır, lakin bir şərtlə ki, həmin kapitalın üçdə biri dövlət xəzinəsinə qaytarılmalı, digər 2/3-i isə ölkə iqtisadiyyatına yatırılmalıdır. Əks halda xaricə qaçırılan maliyyənin arxasında dayanan iri məmurların müəyyənləşdirilib, məsuliyyətə cəlb olunacağı, korrupsiya yolu ilə qazanılan həmin sərvətlərin xarici banklardan geri istəniləcəyi açıq şəkildə bəyan olunmalıdır.

Korrupsioner məmurlara qanunlarla zəmanət verilməlidir ki, indiyədək Azərbaycan xalqının ümumi mülkiyyətini mənimsəmələrini yalnız bir halda bağışlamaq olar: ələ keçirilən həmin vəsaitdən dövlət büdcəsi də nəsə qazansın. Əks təqdirdə, xalqın ümumi mülkiyyətinin zəbt olunması və xaricə daşınması düşmən əməli, vətənə xəyanət kimi qiymətləndirilməli, bu cinayəti törədənlərin cəzası da əməllərinə adekvat olmalıdır.

Düşünürəm ki, dövlət və yerli hakimiyyət orqanlarının korrupsiyaya məsuliyyətinin təməlini Birləşmiş Millətlər Təşkilatının Korrupsiya Əleyhinə Konvensiyasının 20-ci maddəsi əsasında cinayət tərkibinin məhdud əlamətlərini əhatə edən, Azərbaycan Cinayət Məcəlləsinə əlavə olunacaq yeni bir maddə təşkil etməlidir.

Azərbaycan Respublikasının tərəfdar olduğu bu Konvensiyanın 20-ci maddəsinə nəzər salaq:

- Öz konstitusiyasına və hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərtilə hər bir İştirakçı Dövlət qanunsuz varlanmanı, yəni dövlət vəzifəli şəxsin əmlakının onun öz qanuni gəlirlərinə nisbətdə ağlabatan surətdə əsaslandıra bilmədiyi xeyli artımını, bu, qəsdən edildikdə, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsinə baxır.

Korrupsiya, transmilli mütəşəkkil cinayət dəstələrinə üzv olan insanların ifşa olunmasında məsuliyyətin böyük bir hissəsi elə KİV-lərin üzərinə düşür. Yəni korrupsiya, transmilli mütəşəkkil cinayətə bulaşmış adamların əməlləri haqqında məlumatlar rus, türk, ingilis dillərində dərc olunmalıdır ki, bu da bu cinayət ünsürlərinin Azərbaycan dövlətini talan etdikdən sonra qaçıb Türkiyədə, Rusiyada, Lixtenşteyndə bank hesabları açıb, pulları ağlamasının önünü kəsər.

Bu mənada amnistiya yalnız birdəfəyə şamil oluna bilər. Daha sonra bu cür korrupsioner fəaliyyətə yol verənlərin mütləq cəzalanacağı, amnistiya zamanı qeydiyyata alınan mülkiyyətindən kənarda qalan bütün sərvətlərinin müsadirə, özlərinin isə cinayət məsuliyyətinə cəlb ediləcəyi rəsmən bəyan olunmalıdır. Amma heç bir halda amnistiyaya düşən mülkiyyətə toxunulmamalıdır. Bu, insan oğlunun fundemantal haqlarından olan mülkiyyət hüququna və amnistiyanın ruhuna ziddir və mülkiyyət toxunulmazlığı müvafiq qanunlarla tənzimlənməlidir. Mülkiyyət toxunulmazlığına tam təminat verən qanunvericilik aktları qəbul edilməsə, verilməsi nəzərdə tutulan amnistiyanın heç bir faydası olmayacaq və tarixdə dəfələrlə təkrarlanmış uğursuz amnistiya aktlarından birinə çevriləcək.

Azərbaycanın iri məmurlarının xaricə qaçıra bildikləri kapitalımızın iqtisadiyyatımıza geri qaytarılması və ya dövriyyəsinin təmin olunması üçün İsrail təcrübəsindən də faydalanmaq olar. Bəllidir ki, İsrail qanunvericiliyinə əsasən, xaricdə işgüzarlıq fəaliyyətilə məşğul olan vətəndaşlar işlədikləri dövlətə ödədikləri vergi qədər İsrailə də ödəməlidirlər. Fikrimcə, bu qayda Azərbaycan üçün daha çox keçərlidir.

Çünki İsrail vətəndaşlarından fərqli olaraq, bizim xaricdəki iş adamlarının sərmayəsi tamamilə bu xalqa, bu dövlətə aiddir. Azərbaycandan oğurlanan pullar hesabına xaricdə öz təsərrüfatlarını yaradanlar əslində, bizim pullarımızın dövriyyəsini həyata keçirirlər.

Deməli, qazandıqlarından Azərbaycan dövlətinə də pay düşməlidir. Onların vergiyə cəlb edilməsi bu mükəlləfiyyətlərinin yalnız bir hissəsini yerinə yetirməkdir ki, zənnimizcə, bundan onlar da narazı qalmazlar və qalmamalıdırlar. Ən azından ona görə ki, bu gün də qaymağını yedikləri Azərbaycan iqtisadiyyatının işləməsi üçün dövlət büdcəsi böyüməli, onların da ailə və uşaqlarını qoruyan polis, ordu, xüsusi xidmət orqanları kimi büdcədən qidalanan qurumlar maliyyələşməli, sosial narazılıqların baş verməməsi üçün aztəminatlı ailələr, müəllimlər, xırda məmurlar maaş və müavinətlər almalıdırlar.

Dövlət büdcəsi üçün yeni qaynaqlardan biri də şəxsi mülkiyyətdə olan geniş mənzillərin, bahalı maşınların da vergi öhdəliyinə cəlb olunmasıdır. Mənim fikrimcə, sahəsi 500 kv.metrdən böyük olan bütün mənzillər əlavə vergi ödəməlidirlər. Yuxarıda da qeyd etdiyim kimi, ən azı ona görə ki, məmur maaşı ilə o böyüklükdə mənzillər almaq mümkünsüzdür, deməli, dövlət əmlakının mənimsənilməsiylə bu cür cah-cəlallar qurulub. Sözsüz ki, bunun heç olmasa, vergisini ödəmək də həmin mülkiyyət sahiblərinin bir nömrəli borcu olmalıdır.

Mürvət HƏSƏNLİ,
ADAM sədri