SOCAR tüstülənmə ilə bağlı xəbərdarlıq edib

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir

Ölkəmizin daha yüksək keyfiyyətli yanacaqla təmin olunması məqsədilə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.

Aznews.az xəbər verir ki, layihə çərçivəsində razılaşdırılmış plana əsasən, NEZ-də həyəta keçirilən istismar dayanıqlılığı və mükəmməlliyi proqramının tərkib hissəsi olaraq 2022-ci il 4 aprel tarixindən etibarən zavodda 50 gün müddətinə əsaslı planlı təmir işlərinə başlanılıb.Məlumat üçün bildiririk ki, hazırda əsaslı təmir işlərinin yekun mərhələsi icra edilir və plana uyğun olaraq zavodun əsas texnoloji qurğularının istismara verilməsi prosesi həyata keçirilir.

NEZ-in qurğularına xam neft və neft məhsullarının qəbulu, qurğuların emal gücünə çatdırılması zamanı baş verə biləcək mümkün texnoloji dayanmaların qarşısının alınması məqsədilə müəyyən karbohidrogen qarışıqlarının zavodun məşəl sistemlərinə göndərilməsi və nəticədə NEZ-in məşəl qüllələrində tüstülənmənin olması gözlənilir. Bu tüstülənmə qurğular tam olaraq istismar həcminə çatdırılana və emal prosesi normallaşana qədər davam edə bilər.