Buğdanın ucuzlaşması çörəyin qiymətinə necə təsir edəcək?

Azərbaycana idxal edilən buğdanın qiyməti son bir neçə ayda enməkdədir. Artıq ölkədə bəzi un növlərinin qiyməti ucuzlaşıb. Belə ki, "Karat Holding" bir kisə "Karmen" ununun qiymətini 41 manatdan 38 manata endirib.

Bəs, bu addımdan sonra çörəyin də ucuzlaşması gözlənilirmi?

Trend-in əməkdaşı bir neçə çörək sexi ilə əlaqə saxlayıb. Sahibkarlar bildiriblər ki, unun qiymətində çox cüzi ucuzlaşma baş verib. Unun bir kisəsinin qiymətində 2-3 manat aralığında ucuzlaşma olub. Belə ucuzlaşma çörəyin qiymətinə təsir edəcək həddə deyil. Unun qiyməti 30-35 manata qədər düşərsə, çörəyin qiyməti ucuzlaşa bilər.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, unun qiymətinin ucuzlaşmasının çörəyin qiymətinə təsiri olmayacaq.

"Dünya bazarında taxılın qiymətinin ucuzlaşması nəticəsində buğdanın maya dəyəri aşağı düşüb. Yeni qiymətlərlə olan taxıl ölkəmizə yenicə gətirilib. Bu da ölkəmizdə unun qiymətinin ucuzlaşması il nəticələnib. Lakin hazırkı şəraitdə çörəyin qiymətinin ucuzlaşması real deyil. Belə ki, çörək üçün istifadə olunan xammal təkcə undan ibarət deyil. Onun daxilində çoxsaylı inqridentlər var ki, onların qiymətinin dəyişməsi də çörəyin qiymətinə təsir göstərir. Bundan başqa, daşınma, enerji xərcləri, işçilərin əməkhaqqısı da qiymətə təsir göstərir”, - ekspert qeyd edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Trend-ə açıqlamasında deyib ki, ucuzlaşma çörəyin qiymətinə təsir edəcək həddə deyil.

"Hər kiloqram unun qiymətində təxminən 2 qəpik ucuzlaşma var. Unun qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşmalıdır ki, çörəyin də qiyməti ucuzlaşsın”, - o əlavə edib.

Aznews.az