Qərb ekspertləri üçün indiki Lukaşenko Belarusun müstəqilliyi, Avropada sabitlik uğrunda mübarizə aparan liderdir Qərb ekspertləri üçün indiki Lukaşenko Belarusun müstəqilliyi, Avropada sabitlik uğrunda mübarizə aparan liderdir

Lukaşenko Putinin imperiya yaratmaq planına ən böyük maneədir - ekspertlər

Qərb ekspertləri üçün indiki Lukaşenko Belarusun müstəqilliyi, Avropada sabitlik uğrunda mübarizə aparan liderdir

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqın sammiti zamanı mübahisə edib. Belə ki, məlumatlara görə, liderlər qaz qiymətləri barədə danışarkən fikir ayrılığı yaşanıb.

Lukaşenko görüş iştirakçılarının diqqətinə çatdırıb ki, Belarus qaz istehlakçıları üçün 1000 kub metr mavi qaz 130 dollara başa gəlir, Rusiya istehlakçıları üçün isə bu rəqəm 70 dollara bərabərdir. Buna cavab olaraq Putin qeyd edib ki, əgər Belarus üçün qaza görə bazar qiymətləri tətbiq olunsa, onda onun dəyəri 1000 kub metr üçün 130 dollar yox, 200 dollar olar. Rusiya lideri qazın qiyməti haqqında fikir mübadiləsini daha sonra qapalı qapılar arxasında davam etdirməyi təklif edib.

Sonradan isə Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putin qarşısında üzrxahlıq etdiyini bildirib. O bu barədə Sankt-Peterburqda danışıqlar bitdikdən sonra deyib. “Xoşagəlməz formada danışıqlar oldu, sonradan bugünkü görüşün ev sahibindən üzr istəməli oldum. Çox sərt danışıq idi, eşitməsəz yaxşıdır”. O, həmçinin qeyd edib ki, gələn həftə Putinlə bütün sualları müzakirə etmək üçün görüşəcəklər.

Mübariz Əhmədoğlu ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, Lukaşenkonun Avropa istiqamətindəki siyasəti bəllidir: “O istəyir ki, Avropa proseslərinə qoşulsun. Lukaşenkonun rəhbərlik etdiyi Belarus, coğrafi baxımından Avropanın mərkəzinə yaxındır. Hal-hazırda ABŞ-la sıx əlaqəsi olan Şərqi Avropa dövlətləri ilə Belarusun tarixən çox yaxşı əlaqələri olub. Sadəcə olaraq Lukaşenko özünün modernliyini göstərdi ki, baş verənləri hər zaman təhlil edir və səhvi də olacağı təqdirdə üzr istəməsi istisna deyil. Burada çox lokal bir məsələ vardı. Bilirik ki, Rusiya iki dövlətə satdığı qazı özünün daxili regionları ilə əlaqələndirib. Belarusa satdığı qazı Smolenksə, Ermənistana satdığı qazı isə Orenburqa bağlayıb. Yəni Orenburq regionunda Rusiya qazı neçəyədirsə, oradan daşınma haqqı üzərinə gəlir və Ermənistana o qiymətə satılır. Eləcə də bu proses Belarusla bağlı eynidir. Biz bəzən Rusiyanı kifayət qədər ümumi tənqid edirik və bu dövlətin apardığı siyasətdən detallı şəkildə xəbərimiz yoxdur. Həmçinin Rusiyaya qarşı olan münasibətləri də bəzən qulaqardına vururuq. Əslində sağlam nöqteyi-nəzərdən Rusiyanın ən kəskin müxalifəti Belarusdur. Bundan sonra isə Qazaxıstan gəlir. Lukaşenko bir daha özünün üstünlüyünü, səmimiliyini göstərdi. Hesab edirəm ki, bu qaydada o, Avropa, Qərb istiqamətinə pozitiv mesaj verdi. Rusiyanın əksər ekspertləri sətiraltı olaraq həm Belarusu, həm də Qazaxıstanı tənqid edirlər. Onlar bu ölkələri ikinci Ukrayna adlandırırlar. Yəni bildirirlər ki, Ukrayna kimi bu dövlətlərin də imkanları olarsa, Rusiyaya qarşı açıq mübarizə apararlar. Hesab edirəm ki, rus ekspertlərinin əksəriyyəti, Belarusu NATO-nun bir addımlığındakı ölkə hesab edirlər. Məncə, Rusiya ekspertləri səhv yoldadırlar. Sadəcə olaraq, aqressiv psixologiya nümayiş etdirirlər. Son hadisə ilə Lukaşenko şüurlu şəkildə lider olmasının Qərbə mesajını verdi”.

Politoloqa görə, Rusiya öz ekspertlərini kifayət qədər nəzarət altında saxlamağı bacarır: “Yəni kim müxalif ekspertdirsə, onların sayı bəllidir və deyim ki, çox da deyillər. Kremldə idarə var ki, bu idarə bütün ekspertlərlə işləyir. Düşünürəm ki, Kremlin iş prinsipində Rusiyadakı ekspertlər 4 təbəqəyə bölünüb. Bununla da qeyd etdiyimiz idarə siyasi mühiti öz ətrafında, nəzarətində saxlaya bilir. Ona görə də Rusiya ekspertlərinin böyük əksəriyyətinin ölkələr və digər məsələlərlə bağlı söylədikləri, Kremlin dediyinin bəzədilmiş formasıdır. Onu da deyim ki, Lukaşenkonun apardığı siyasətin Ukraynanın maraqları əleyhinə olmadığı, bəzən isə bu siyasətin hətta Ukraynanın maraqlarına uyğun olduğu, Belarusla Rusiya arasındakı narazılıq Qərb ekspertləri tərəfindən mübahisəsiz şəkildə qəbul olunub. Yəni indi artıq demirlər ki, Lukaşenko oyun oynayır, siyasət aparır və sairə. Qərb ekspertləri üçün indiki Lukaşenko Belarusun müstəqilliyi, Avropada sabitlik uğrunda mübarizə aparan liderdir. Onların fikrincə, nə qədər ki, Lukaşenko Belarusun rəhbəridir, deməli, Rusiya-Belarus ittifaq dövləti yaranmayacaq. Yəni Qərbin fikrincə Putin SSRİ-ni bu qaydada bərpa etmək istəyir ki, bu da alınmayacaq. Putinin SSRİ-ni bərpa planına görə əvvəlcə Rusiya-Belarus ittifaqı yaranmalı, sonra Avrasiya İqtisadi Birliyi və KTMT gücləndirilməli, ardınca isə bütün MDB-ni mümkün qədər SSRİ-yə yaxın bir imperiyaya çevirməkdir. Qərb ekspertləri Putinin bu planına ən böyük maneə kimi Lukaşenkonu görürlər. Ona görə də ekspertlərin dediyi, Kremlin fikrinin bəzədilmiş formasıdır”. (Musavat.com)