Mehman Əliyev etiraf edir ki, 2009-cu ildə Açıq Cəmiyyət İnstitutu - Azərbaycanın (Soros Fondu) idarə heyətinin sonuncu sədri olub, halbuki, ona Azərbaycanda müxtəlif yüksək dövlət vəzifələri təqdim edilsə də, bütün bunlardan imtina edib. Mehman Əliyev etiraf edir ki, 2009-cu ildə Açıq Cəmiyyət İnstitutu - Azərbaycanın (Soros Fondu) idarə heyətinin sonuncu sədri olub, halbuki, ona Azərbaycanda müxtəlif yüksək dövlət vəzifələri təqdim edilsə də, bütün bunlardan imtina edib.

“Media matrosu” Mehman Əliyev - “süddən çıxmış ağ qaşıq”, yoxsa..?

Mehman Əliyev etiraf edir ki, 2009-cu ildə Açıq Cəmiyyət İnstitutu - Azərbaycanın (Soros Fondu) idarə heyətinin sonuncu sədri olub, halbuki, ona Azərbaycanda müxtəlif yüksək dövlət vəzifələri təqdim edilsə də, bütün bunlardan imtina edib.

O, bu barədə “Həcviyyə, şərəf və ləyaqət – Taleh Şahsuvarlıya cavab” yazısında bu sözlərini deyib. Bəri başdan qeyd edim ki, mənim burada T.Şahsuvarlını müdafiə etmək məqsədim ümumiyyətlə yoxdur. Məqsəd, M.Əliyevin öz gözündəki “tiri” görməyərək, başqalarının gözündə “qıl” axtarması iddiaları və həmin iddialarından doğan daxili xislətini qələm vasitəsi ilə qaşıyıb, üzə çıxarmaqdır.

Onun dili bir cür, ağlı da ayrı cür işləyirmiş...

Təkcə, bu fakt kifayət edər ki, normal düşüncəyə sahib olan istənilən ictimaiyyət üzvü, Mehman Əliyevin “kim” olduğunu, yaxud, hansı “ləyaqətə”, “mənəviyyata” sahib olduğunu dərk etsin. Azərbaycanın dövlət maraqlarına işləməkdən imtina edib, xarici fondlara yalmanmağı üstün tutan, bunu öz dili ilə etiraf edən bir fərdə ən yumşaq halda məhz bu cür xitab etməyin tam yeri və zamanıdır məncə. Halbuki, bu “adam” özünü cəmiyyətə “vətənpərvər”, hətta dövlət rəhbərliyinə qarşı “törədiləcək sui-qəsddən” xəbərdar olan (?!-R.N.) və bunun qarşısını almağa qadir (???!!!-R.N.) “patriot” kimi sırıyır. Necə deyərlər, dili bir cür, ağlı da ayrı cür işləyir M.Əliyevin.

Bu gün M.Əliyevin özünü Azərbaycan mətbuatında özünəməxsus yeri olmuş rəhmətlik Nəcəf Nəcəfovla eyni tərəzi gözündə tutması, bir çox mətbuat həmkarlarımda ona qarşı yaranmış ikrah hissini izafiləşdirir.

“Sözlərinizdə müəyyən həqiqətlər var” etirafını edərək, dərhal kənarda çəkildi...

...Və heç vaxt yadımdan çıxmayacaq bir faktı dəyərli oxucuların diqqətinə çatdırmaq istərdim. Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsi ərəfəsində ölkəmizə qarşı total hücumlara start vermiş bəlli xarici dairələrlə sıx əməkdaşlığa gedərək, “ələkçinin qıl verəni” statusunda çıxış edənlərdən biri də məhz Mehman Əliyev idi. Hətta “Sülh və Demokratiya İnstitunun” direktoru Leyla Yunusun, Jurnalistlərin Azadlıq və Təhlükəsizlik İnstitunun” rəhbəri Emin Hüseynovun, o zamanlar “Azadlıq” radiosunun jurnalisti kimi fəaliyyət göstərən Xədicə İsmayılovanın yan-yörəsində ən çox hərlənən-fırlanan da məhz o - M.Əliyev idi. “Park Inn” otelin konfrans zalında çoxsaylı xarici jurnalistlərin də iştirakı ilə keçirilən tədbirdən öncə, onunla ayaqüstü söhbətim oldu. Soruşdum ki, Azərbaycanın belə bir mötəbər beynəlxalq mədəniyyət tədbirində iştirakından, ev sahibliyi etməsindən niyə bu qədər əndişələnirsiniz? Ümumiyyətlə, hətta ən kiçik sosial-məişət problemlərinin qabardılaraq, xarici jurnalistlərə “böyük fəlakət” kimi təqdim edilməsində, Azərbaycanın nüfuzuna ləkə yaxmaq cəhdlərində iştirak etməyinizdən siz və bu tədbirin təşkilatçıları heç olmasa utanc hissi keçirirsinizmi? Bir sıra xarici təşkilatların sifarişlərinin həyata keçirilməsi üçün siyasətdən başı çıxmayan adam belə, anlayır ki, siz və digərləri kifayət qədər qrant əldə etmisiniz. O, sadəcə mənim üzümə baxdı və “sözlərinizdə müəyyən həqiqətlər var” etirafını edərək, dərhal kənarda çəkildi...

Mehman Əliyev bu həyasızlığına əlavə dinamo qoşarsa, ölkə Konstitusiyamızın da müddəalarının Soros tərəfindən təqdim edildiyini deyər

Bu gün o, dəyişilməyib və həmin M.Əliyevdir ki, MDB-ni inqilablar, qiyam və anarxiyalar məkanına çevrimək missiyasını üzərinə götürmüş Sorosu “mələk” qismində təqdim edərək, guya onun ölkəmizdə vətəndaş cəmiyyətinin, eyni zamanda elmin, təhsilin, tibbin, hüququn, qanuvericiliyin (???!!!) inkişafına töhfə verdiyini sözün əsl mənasında, HƏYASIZCASINA iddia edir. Demə, Soros, Azərbaycanda hüquqi baza və qanunvericilik məsələsində əsas söz sahiblərindən biriymiş və s. M.Əliyev bu həyasızlığına əlavə dinamo qoşarsa, ölkə Konstitusiyamızın da müddəalarının Soros tərəfindən təqdim edildiyini deyər –inanın ki, M.Əliyev bu qədər mənəviyyata malik olmayan xain və satqın bir fərddir. “Açıq cəmiyyət” ideyasını fərqli məcralarda, el dili ilə desək, malalamaqla heç də inqilab ideyası daşımadığını sırımağa səy göstərən M.Əliyev görsən, bu kimi mədhiyyələrinə görə dayısı, əmisi, hətta atası qədər sevdiyi, nökərçilik etdiyi Sorosdan növbəti dəfə və əlavə olaraq, nə qədər məvacib alıb? Yəqin ki, bu barədə də apardığımız araşdırmalardan sonra məlumatlarımız olacaq, mütləq!

Rüstəm İbrahimbəyovun adi məktub yaza bilmək qabiliyyətinin olmadığı faktını açığa çıxardı və nə yaxşı ki...

Daha bir məsələyə diqqət yetirək. Sözügedən yazısında qeyd edir ki, Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsində onun Rusiya vətəndaşlığından imtina edilməsi ilə bağlı xahiş məktubunu Putinə məhz o yazıb, özü də “Milli Şura”nın tapşırığı əsasında. Yaxşı, M.Əliyev bununla demək istəyir ki, rus dilində məktub yazmağı bacarır, yoxsa burada başqa məqamlar da mövcuddur? Əslində, M.Əliyev ən kiçik detalda belə, ciddi səhvə yol verib və Azərbaycanın prezidenti olmaq iddiasındakı bir şəxsin – Rüstəm İbrahimbəyovun adi məktub yaza bilmək qabiliyyətinin olmadığı faktını açığa çıxarmış olub. Adi bir müraciət məktubunu yaza bilmək bacarığında olmayanın rəhbərlik etdiyi siyasi qurumu ( o vaxt “Milli Şura”nın səri R.İbrahimbəyov idi-R.N) və onun rəhbərini dəstəklədiyinə görə “peşman deyiləm” deyən M.Əliyev bu qədərmi “siyasi təcrübəyə” malik olduğunu sərgiləyir?! Və nə yaxşı ki, Azərbaycan xalqının iradəsi 2013-cü ilin prezident seçkilərində də öncəki seçkilərdə olduğu kimi, qətiyyətli, alternativsiz seçimini etdi və məktub yazmağı bacarmayan R.İbrahimbəyovu - həmin R.İbrahimbəyovu ki, cəmi iki il sonra – 2015-ci ildə erməni dəyirmanına su tökən “Qafqaz üçlüyü” filminin ssenarisini yazacaq erməni sevdalısını rədd etdi... M.Əliyev isə nə qədər qəribə görünsə və görünməsə də, “Milli Şura”nı, R.İbrahiməyovun yerinə Putinə məktub yazmağından “peşmançılıq hissi” keçirmədiyini, əksinə, “qürur duyduğunu” etiraf edir. Məgər, bundan artıq hansı daha hansı faktı onun gözünə soxmaq lazımdır ki, SATQIN, VƏ MİLLİ XAİN olduğunu dərk etsin?!

Bu gün mediada özü barəsində gedən və kifayət qədər dəlillərə, sübutlara əsaslanan yazılara necə gəldi “cavablar” yazan M.Əliyev özünü “süddən çıxmış ağ qaşıq” kimi təqdim etməyə çalışsa da, bu “qaşığın” süddən deyil, üfunət iyi verən kanalizasiyadan çıxdığını daha aşkar görməkdəyik – eşələdikcə daha çox üfunət qoxusu verir bu “qaşıq”...

Bəs, 10 ildə 150 milyonluq qrantı kim yeyib?

İndi, M.Əliyevin barəsində ortaya çıxan çoxsaylı dəlillər, faktlar, kompromatlar onun sonrakı fəaliyyətinə hansı təsiri göstərib-göstərməyəcəyini deyə bilmərik, hətta onun hələ 90-cı illərdə hansı yollarla bu agentliyi qurduğunu da yenidən qabartmağa ehtiyac yoxdur. Sadəcə, əlahəzrət faktlar ictimai rəyin onun barəsində hansı düşüncələrə malik olduğunu, yaxud olacağını nümayiş etdirə bilər. Məsələn, “Media Klubu” deyilən bir qurumun yaranmasında M.Əliyevin canfəşanlığı özü-özlüyündə hər şeyi bütün çılpaqlığı ilə ortaya qoyur. Elə onun öz dediklərini xatırladaq. Bu “klub”, daha doğrusu “dərnək” yaranarkən o demişdi ki, təxminən 2000-2010-cu illərdə Azərbaycan mediasına – yəni müxalifətyönlü saytlara və qəzetlərə 150 milyondan (!!!-R.N.) çox qrant ayrılıb... Bəs hanı o 150 milyon dollar?! Hara gedib bu vəsait?! Kimlərin cibinə axıb?! Çünki həmin mətbuatlardan fərqli olaraq, Azərbaycanın dövlətçilik maraqlarından çıxış edən, heç bir xarici təşkilatlarla iş birliyinə getməyən medialar bu cür qrantları qəbul edə bilməzdi. Onda bəlli olur ki, bu vəsaitin böyük əksəriyyəti məhz və məhz M.Əliyev əldə edib.

Məsələn, bu günün özündə də M.Əliyevin rəhbərlik etdiyi və cəmiyyətdə tanınmayan, maraq doğurmayan contakt.az saytı var. Guya bu sayt ay ərzində 50-60 min dollar yalnız tərcümələrə (???-R.N.) vəsait xərcləyib. Media işindən ümumiyyətlə, xəbərdar olmayan adi insan belə bu qədər xərcin tərcüməyə sərf olunmasını ABSURD adlandırar! M.Əliyev belə bir “adamdır” və hələ də aşkar vicdansızlıqları ilə özünü “vicdanlı” göstərməyə çalışır, bəli məhz çalışır. Amma əbəs yerədir bu cür çalışmalar. Əksinə, çalışdıqca vəziyyəti daha da qəlizləşir ki, bunun da ona yalnız zərəri ola bilər. Hətta deyərdim ki, bu zərərlər, ziyanlar bilavasitə onun üfunət qoxusu verən “qaşığı” vasitəsi ilə azğına doğru irəliləməkdədir...

Rövşən NURƏDDİNOĞLU

P.S. Media matrosu Mehman Əliyevin ləğv olunmuş MTN-nin rəhbəri Eldar Mahmudovla hansı iş birliklərində olduğunu da artıq ictimai rəy bilir. Görəsən, bu məsələlərə o hansı “sübutlarını”, “arqumentlərini” gətirəcək..?

Qaynaq: http://sia.az/az/news/politics/718997.html?fbclid=IwAR3b_mT7mig05Vq3UwjMvqRLgvcW8QP85zIgg6oU1tN2StpChiHCg7ELwjc