Utanın, cənablar, utanın! - Deputatdan Avropa Parlamentinə sərt təpki

Bu nə danışıqdır, bu nə tərzdir, leksikondur, jarqondur, ultimatumdur?!

Necə yəni... “qeyd şərtsiz”? Hansı əsasla, hansı faktla və ən nəhayət, hansı haqla? Avropa Parlamenti Azərbaycan tərəfin arqumentlərini dinlədimi, təftiş elədimi heç? Dünyanın, demokratiyanın, insan hüquq və azadlıqlarının ədalət mühakiməsi, vicdan meyarı budurmu? Siyasi hakimiyyətin məhkəmə hakimiyyətinə müdaxiləsini, hüququn nihilizminimi tövsiyə edirsiniz bizlərə? Qəbul etdiyiniz qətnamələrin qayəsi, mayası Eminin, Qənimətin, Həbibin, Vidadinin, Orduxanın danoslarınamı qaldı? Yoxsa həqiqətənmi Mehmandır dərdiniz?

Mehmandırsa, dinləyin: İstəsəniz də Papadan artıq katolik ola bilməzsiniz. Adamın durumu sakit, kefi sabit. Az qala hər gün görüşlərini keçirir, şəkillərini çəkdirir, “həbsdə kimsənin mənimlə işi yoxdur, şəraitimdən razıyam, aclığı dayandırmışam, tək arzum azadlığa çıxmaqdır”- deyir. Özü deyir bunu, özü! Deməsinmi? Yalanmı deyir? Yalanmı desin? Hamı bir yana, vəkilidəmi yalan deyir? “İçəridən” yazdığı məktubdamı saxta, yalandır? Bir doğru olan sizlərin illüziyaları, hallusinasiyalarıdırmı, cənablar? Bir sizmi haqlısız? Həbsxanaya göndərdiyiniz, Mehmanla hal-əhval etdirdiyiniz, canlı-canlı söhbətləşdirdiyiniz səfirlər necə, onlardamı həqiqəti, reallığı görməzdən keçib, Mehmanın durumunu, ac olmadığını görməyib? O saçı kəsik qadın – hansı ki, Avropa Parlamentində Azərbaycan rəhbərliyinə sanksiya tələb edirdi – deyir, Mehman 23 gündür acdır, ölümə gedir. Evin tikilsin, özündən utanmırsan, qalxdığın o mötəbər tribunadan, mövqedən, statusdan utan. Ayıbdır! 23 günə adammı qalar? Ən uzağı qanunun, hüququn verdiyi imkan var: “qida qəbuluna məcbur etmə”. Üstəlik, Avropanın aparıcı ölkələrinin qoşulduğu Konvensiya şərtlərində belə təsdiqini, hökmünü tapmış normadır bu. Zərurət yaransa tətbiq edərlər, məsələ həllini tapar da. Nə nağıl danışırsınız?

***

Məlum qətnamə Avropa Parlamentinin düz dördüncü həmləsidir. Azərbaycana. Hamısının da soy-kök, fundament, fabula xüsusiyyəti demək olar eynidir. Ayrıca, dördünün də qəbuluna 15-20 dəqiqədən o yana zaman sərf edilməyib. Yəni, adamlar əsnəməyə vaxt tapmadan “lehinə” düyməsini basmağa macal tapıblar. Birincisi “Evrovision” ərəfəsində qəbul olundu – “vicdan məhbusları”- kontekstində. (Yeri gəlmişkən, bu anlayışın patenti Avropa Parlamentindədir) İkincisi Avropa Oyunları öncəsi ortaya çıxdı. Üçüncüsü 2015 Parlament seçkilərinə 3 ay qala. Dördüncü də indi.

“Əla” gedişatdır: Mövsüm ritorikası!

Fəsildən-fəsilə, rübdən-rübə demokrat görünməyin, insan hüquq və azadlıqlarının aşiqi olmağın lüksu və ləzzəti nədir bilmirəm, amma hər nəmənədirsə, demək ki imtina edilməyəcək bir şeydir, bənzərsiz siyasi təamdır. Yeyiblər, doymayıblar. Ya da mədə doyub, göz yox. Acdırlar. Bəli, Mehman yox, məhz bunlar acdırlar. Siyasi qarşıdurmalara, qara kölgələrə, buludlara! Məlum qüvvələrin “fikir səltənətinə” bir də öz prizmalarından, rakurslarından baxanda çox dəqiq görünür ki, gerçəkdən, həqiqətən acdırlar! Mən də Ukraynanı, Gürcüstanı, Ermənistanı, daha nələri və kimləri azuqə sanaraq boyunlarına çöksəydim, günahsız xalqları ikili-üçlü standartlarımla bədbəxt eləsəydim, dişimin dibində ləzzəti qalardı, nəfsimi dinc qoymazdım. Düşünərdim, ardınca Azərbaycana niyə qarmaq atmayım ki?

***

Ədalət. Hardadır o? BMT-nin göylərdə uçuşan, icrasız qalan 4 qətnaməsindəmi? Yoxsa Şahbazın, Dilqəmin simasındamı, bir milyon qaçqının taleyindəmi?

Hardadır ədalət? Bir dövlətin başqa dövlət başçısını asmasındamı? Qəddafinin linç edilməsindəmi? Yoxsa müxalif “başbilənlərin” tez-tez istinad elədiyi Çauşeskunun iki nəhəng dövlətin siyasi alver, alqı-satqı predmetinə çevrilməsində, ən sonda məhv edilməsindəmi?
Nədir ədalət? Hədəfə alınan ölkələrdə ilk öncə iqtisadi çöküşü tənzimləmək, daha sonra inqilab üçün münbit şərait, zəmin yaratmaq, beynəlxalq hüququn anasını ağlar günə qoymaq, dövlətlərin daxili işlərinə qarışmamaq haqda ana prinsipi daşqalaq etmək, lap daha sonra millətləri qanlarına qəltan etməkmi? Yoxsa Rusiyanı sanksiyaya məruz qoyarkən paralel səmtdə vandal erməni dövlətini, işğalçını, Xocalı boyda qətliamın müəllifini görməzdən keçməkmi, qondarma rejimin saxta rəhbərinə ard-arda vizalar paylamaqmı?

***

Zaman-zaman hakimiyyətin pişvazına gəlib təvəqqe edən, umsuqlanan, öz aləmində “qabaq düşmək “istəyən “n” sayda xarici demokratlar var, olub, bundan sonra da olacaq. (cümlə içində o qədər dırnaq açdım ki, demokrat sözünü sancaqlaya bilmədim) Elə biri Andreas Qross. Özəl xahişlər müqabilində iqtidarın dirsəyini görən kimi çönüb bir anda olmuşdu hüquq və azadlıq keşikçisi. Qapını göstərdilər, səssizcə getdi. Dalınca da özünə oxşayan tayları və oxşarları. Hamısı sonda siyasi iflas etdi. President deyilmi bu? Avropanın dərs götürəcəyi məqam(lar) deyilmi bu? Ki, Azərbaycanla ultimatum dilində, sərt tonda danışmaq olmaz?
Anlayın və agah olun!

Bu ölkənin, bu hakimiyyətin hansısa qətnamə, təsir, təzyiq, siyasi oyunbazlıq qarşısında sınacağı günü kimsə görməyəcək. Təbii, yuxu və xəyal istisnası ilə.

Bizə meydan oxuyanlara demokratiyadan da, insan hüquq və azadlıqlarından da dərs keçərik. Çünki ən çətin və ən zəif halımızla belə onlardan min dəfə daha şəffafıq, daha mükəmməlik.

Azərbaycanı öz əlaltısı, vassalı etmək istəyənlər İlham Əliyevin varlığını unutmasınlar. Bu Prezidentin xalqı və dövləti naminə başa-baş gəlməyə hazır olmadığı kimsə yoxdur, mövcud deyil, anasından doğulmayıb.

***

Götürün qətnamənizi, gedin o yanda oynayın.

Ardınca da imkan olsa, utanın. Bu səriştəsizliyinizdən, ədalətsizliyinizdən, saxta tərəfkeşliyinizdən dolayı bolluca utanın!

Elşən Musayev,
Milli Məclisin deputatı