Müsavat partiyasında sular yenidən bulanıb. Müsavat partiyasında sular yenidən bulanıb.

Müsavat başqanlığına namizəd oldu, saxta sənəd ittihamı ilə üzləşdi

Müsavat partiyasında sular yenidən bulanıb.

Belə ki, deyilənə görə, Müsavat partiyasında başqanlığa iddialı olan Yadigar Sadıqovla hazırkı sədr Arif Hacılı tərəfdarları arasında yeni qarşıdurma yaşanır. Musavat başqanının müavini Səxavət Soltanlı keçmiş başqan müavini Yadigar Sadıqovu neytralaşdırmaq üçün ortaya bir saxta sənəd qoyub. İddia olunur ki, Yadigar Sadıqov Müsavat Partiyası adından saxta sənəd verirmiş.

Məsələ sosial şəbəkələrdə də çox ciddi müzakirəyə səbəb olub.

Mühacir jurnalist Elbəyi Həsənli yazısında bu məsələ ilə bağlı Yadigar Sadıqlının "Heyf Müsavat Partiyasından" ifadəsini işlədərək belə deyib:

“Mənim dünən dediyimi Yadigar bəy indi deyir. Alya Yaqublunun Müsavat Partiyasında saxta sənədlərin satılması ilə bağlı dedikləri də yaddaşlardadır... Məmmədəmin Rəsulzadənin partiyası səviyyəsiz insanların inhisarına keçib. Təəssüf ki, belədir. Əlbəttə, belə olmamalıydı. Bütün bu biabırçılıqlara görə isə İsa Qəmbər və Arif Hacılı məsuliyyət daşıyır. Onlar da bu boyda partiyanı öz şəxsi maraqlarına qurban verib”.

Yadigar Sadıqlı özü isə Səxavət Soltanlıdan sənədin mənbəyi haqqında məlumat istəyib. Onu kim və nə vaxt göndərib? - deyə, şifahi deyil, skrinşotla cavab verilməsini tələb edir:

“Mənim iştirak etmədiyim Divan iclasında məlum olub ki, partiya rəhbərliyinin əlində belə bir sənəd var. Mənim Salyan (!) təşkilatının sədri kimi göstərildiyim, guya imzaladığım saxta xasiyyətnamə. Və aylardır bu sənəd partiya rəhbərliyində ola-ola mənə heç bir məlumat verilməyib. Elman Fəttahın bununla bağlı iradına da düz-əməlli cavab səslənməyib. Gecə saatlarında isə Müsavat üzvlərinin qapalı qrupunda gələcək qurultayda başqanlığa namizəd olacağımı açıqladıqdan sonra başqan müavini Səxavət Soltanlı yenə mənə demədən, adım keçən sənədi yenə də mənimlə məsləhətləşmədən paylaşıb. Zatən məsləhətləşsəydi, etiraz etməyəcəkdim. Şükür, cəmiyyətdə qazandığımız imic var, belə şeylər bizə yapışmaz. Amma yenə də etika, yoldaşlıq xəbər verməyi tələb edirdi.
Beləcə, bütün söz-söhbətlərdən sonra partiya rəhbərliyi bir saxta sənəd tapıb, o da mənim adım keçən. Bu sənədin haradan gəlməsini bilmək mənim hüququmdur. Həmin sənədlə sosial şəbəkədə tanış olduğuma görə, elə burada da Səxavət Soltanlıdan sənədin mənbəyi haqqında məlumat istəyirəm. Kim göndərib və nə vaxt göndərib? Cavabın şifahi deyil, skrinşotla verilməsini tələb edirəm”.

Bu arada Səxavət Soltandan bir səs çıxmasa da Müsavat Partiyası icra aparatının rəhbəri Gülağa Aslanlı məsələyə qarışıb. O isə hesab edir ki, Müsavat Partiyasının kiminsə müdafiəsinə ehtiyacı yoxdur:

“2011-ci ilin fevral ayından başlayaraq Müsavat Partiyası adından bir sıra sənədlərin imzalanması partiya başqanlarının tapşırıqları və etimadı əsasında mənə həvalə edilib. Bu müddət ərzində mən, hər hansı saxta sənəd hazırlanıb imzalanması prosesində iştirak etməmişəm. Buna baxmayaraq, mən müxtəlif zamanlarda Müsavat Partiyası adı altında hazırlanan saxta sənəd nümunələri ilə rastlaşmışam. Bunların arasında saxta partiya vəsiqələri, saxta imzalar və saxta blanklar olub… Bu sənədlərin əsasən mənim adımla hazırlandığı görünsə də, imzanın mənə aid olduğu, möhürün Müsavat Partiyasına aid olduğu təsdiqlənməyib.

Diğər partiya funksionerlərinin adı altında hazırlanmış saxta sənədlərdə də imza və möhürün saxtalığı aşkar görünür. İki ildən artıq bir müddətdə aparılan istintaq bu sənədlərin bizim tərəfimizdən hazırlandığını sübuta yetirən bir fakt ortaya qoya bilməyib.

Bizə daxil olan saxta sənədlərin içərisində, Yasamal, Salyan rayon təskilatının sədrlərinin, Nərimanov rayon təşkilatının mövcud olmayan müavinin adı yazılmış variantlar var. Bu sənədlərin saxta olduğu bizə tam məlumdur. Onları hazırlayan şəbəkənin aşkarlanması istiqamətində işlərimiz davam edir.

Divan üzvü Səxavət Soltanlı tərəfindən yayılan sənədin saxtakarlığı o qədər açıqdır ki, o sənədin hazırlanmasında Divan üzvü Yadigar Sadıqlının hər hansı iştirakının olmaması partiya rəhbərliyində heç bir şübhə yaratmayıb.

Bu sənədin yayılmazdan əvvəl Yadigar bəyə məlumat verilməsi yaxşı olardı. Amma hərtərəfli izahatdan sonra bu saxta sənədin yayılması məncə kiməsə qarşı kompramat kimi qəbul edilməməlidir”.

Gülağa Aslanlı fikrini bir atalar sözünü azca dəyişərək belə tamamlayıb:
“Avropada bir dəli quyuya bir daş atıb, indi qırx ağıllı o daşı quyudan çıxarmağa calışır”.

Qeyd edək ki, Səxavət Soltanın məsələyə aydınlıq gətirməsinə çalışdıq, lakin zənglərə cavab vermədi.

Sözügedən sənədi təqdim edirik:

Elgün
AzNews.az

image description