Bu yarımadada münaqişə ocağının közərməsi an məsələsidir Bu yarımadada münaqişə ocağının közərməsi an məsələsidir

Koreya yarımadası ABŞ-la Rusiya arasında növbəti qarşıdurma məkanı ola bilərmi?

Bu yarımadada münaqişə ocağının közərməsi an məsələsidir

Xəbər verildiyi kimi, bu gün Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In arasında Vladivostokda görüş baş tutub. Tərəflər iki ölkə arasındakı münasibəti və Koreya yarımadasında vəziyyəti müzakirə ediblər.

AzNews.az mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəylinin fikirlərini öyrənib.

Image result for Əziz Əlibəyli

O, uzun müddətdir ki, Rusiya ilə ABŞ arasında movcud olan qarşıdurmanın davam etdiyini bildirib.

"Bu qarşıdurma dünyanın müxtəlif ölkələrində onları üz-üzə gətirib. Ukrayna, Gürcüstan, Suriya, Liviya kimi ölkələrdə bu iki güc arasında çox ciddi mübarizə gedir. Bunlara müvəkkil ölkələr deyirlər. Birbaşa yox, dolayı hərbi muzdlu qüvvələr vasitəsilə, hətta bir-birlərinə qarşı müharibə aparırlar. Suriyada baş verənlər də bunun bariz nümunəsidir. Həmin nöqtələrdən biri də Koreya yarımadasıdır. Həmin yarımadadakı münaqişə də sovet dövründən indiki dövrə miras qalıb. Bu mirasın bir tərəfində sovetlər, digər tərəfində isə yenə qərb idi. Onlar həmin dövrdə Koreya yarımadasında baş verən vətəndaş münaqişəsini əslində isə sosializmlə kapitalizm arasındakı savaşı dayandırmaq üçün ölkəni iki yerə böldülər: Şimala və Cənuba. Bundan sonra da onlar fərqli sivilizasiyalarla inkişaf etməyə başladı".

Şərhçi bildirir ki, bu gün Rusiyanın aqressor hərəkətlərinə qarşı rəsmi Moskvaya qərbdən və Amerikadan sanksiyalar tətbiq olunmağa başlayıb:

"Xüsusilə də Gürcüstan və Ukraynada süni şəkildə yaradılan separatçı münaqişələr Rusiyanın dəstəkləməsindən sonra yaşandı. Bütün bunlar Tramp hakimiyyətə gəldikdən sonra yeni fazaya daxil oldu. Hansı ki, Tramp Amerikanın digər prezidentlərindən fərqli olaraq Rusiyaya qarşı daha qəddar, radikal addımlar atmağa başladı. O, hesab etdi ki, dünyanın digər nöqtələrində Rusiya ilə toqquşma yaradan bütün problemləri tezliklə həll edib əsas diqqəti Rusiyanın özünə yönəltmək lazımdır. Onun verdiyi ABŞ ordularının Suriyadan çıxması barədə bəyanat, 2 dəfə Kim Çen Inla görüşməsi - bunların hamısı həmin məqsədin nəticəsi idi. Ancaq fevralda baş tutan görüşdən sonra məlum oldu ki, ABŞ ilə Şimali Koreya razılaşa bilmir. Baş tutan danışıqlar iflasa uğradı. Bundan sonra isə Rusiya növbəti dəfə Amerikaya qarşı yeni cəbhədə - Şimali Koreyada öz mövqeyini ortaya qoymağa hazırlaşır. Bilirsiniz ki, Şimali Koreya faktiki olaraq kasıb ölkədir, aclıq səviyyəsindədir. Koreya yarımadasında hansısa münaqişə ocağının közərməsi an məsələsidir. Hətta vəziyyət o həddədir ki, birbaşa Rusiyanın istəyi ilə Cənubi Koreyaya və ABŞ-ın dəstəklədiyi qüvvələrə qarşı radikal mövqelərdə dayanan, silahları ilə tez-tez paradlar nümayiş etdirən Kim Çen In Rusiya prezidentindən təxminən 200 və ya 300 milyon dollar dəyərində buğda istədi. Ölkə ac və səfil vəziyyətdədir, amma bunlar böyük güclərin əlində alət olduqlarına görə belə bir vəziyyət yaranır".

Əziz Əlibəylinin fikrincə, Kim Çen Inın Putinlə olan bu günkü görüşü altı cizilən cümlələrlə yadda qalacaq:

"Liderlər bəyan edəcək ki, Koreya sülh yarımadası olsun, 6-lıq ölkələrin formatı bərpa edilsin və hər kəsin burdan qazanclı çıxacağı sülh yolu tapılsın. Bütün bunların hələlik bəyanat olduğunu görürük. Dünya çox böyük ehtimalla Rusiya ilə Qərb arasında növbəti qarşıdurma məkanının yaranacağını düşünür. O məkanın isə Koreya yarımadası olacağına politoloqlar şübhə etmirlər".

Pərvanə Ağazadə

AzNews.az