"Bu danışıqlarda söhbət hər hansı bir blokun yaradılmasından getmir" - Elşad Musayev

Məqsədimiz siyasi islahatlarla bağlı müzakirələr aparmaqdır

Ötən gün keçmiş baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn, Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Azərbaycanda aparılan islahatların daha da dərinləşməsi üçün müxalifətin verə biləcəyi töhfələrlə bağlı BAXCP-nin mənzil qərargahında görüş keçiriblər.

Həmin görüşü şərh etmək üçün Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevə müraciət etdik. AzNews.az-ın suallarını cavablandıran partiya sədri bir sıra məsələlərə aydınlıq gətirdi:

- Elşad bəy, Pənah Hüseyn ilə birlikdə Qüdrət Həsənquliyevlə görüşmüsünüz. Bu, parlamentdənkənar müxalifətlə parlament müxalifətinin danışıqlara başlaması deməkdir. Bu danışıqlar zərurəti nədən yarandı?

- Bildiyiniz kimi, müxtəlif zamanlarda siyasi partiyalar arasında bir sıra görüşlər keçirilib. Bu görüşlər Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında keçirilib. Son görüşümüzdə belə qərara gəldik ki, bir sıra məsələlər, o cümlədən, siyasi islahatlarla bağlı məsələlər müzakirə olunsun. Çünki ölkəmizin vəziyyəti elədir ki, bundan çıxış yolları axtarıb tapılmalıdır. Bu çıxış yolunun ən əsası müzakirələrdir. Bu müzakirələrdə də ən öndə duran məsələlərdən biri Qarabağ məsələsidir. Siyasi islahatlarsız heç nəyə nail olmaq olmur. Bu məqsədlə biz müxtəlif partiyalarla görüşlər keçirdik. Daha sonra AMİP, AXP partiyalarının sədrləri və mən belə bir təşəbbüslə çıxış etdik ki, yalnız parlamentdənkənar müxalifətlə deyil, eyni zamanda parlamentdə olan siyasi təşkilatların da iştirakı ilə ölkədəki siyasi islahatlarla bağlı bir tədbir keçirək. Buna görə də biz BAXCP sədri Qüdrət Həsənquliyevlə görüşdük.

- AMİP, AXP və BAP yeni formatlanma təşəbbüsü ilə müxalifət düşərgəsində çıxış edir. Bu təşəbbüsü necə şərh edərdiniz? Bu istiqamətdə kimlərlə danışıqlar aparırsınız?

- Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müsavat Partiyasının başqanı Arif Hacılı digərləri ilə də görüşlərimiz olub. Bunların bir çoxu mətbuatda işıqlandırılmayıb. Biz danışdıq ki, kimin təklifi varsa, bildirsin. Siyasi islahatlarla bağlı AMİP bir layihə irəli sürüb. Bununla bağlı yaxın zamanda tədbir keçiriləcək. Qeyd edim ki, siyasi təşkilatların əksəriyyətinə müraciət olunub. Həmçinin, YAP-a da müraciət olunub. Ordan da cavab gözləyirik, görüşmək istəsələr, onlarla da görüşəcəyik. Prezidentin də siyasi islahatlarla bağlı təklifləri var. Hakim partiya da məsələ ilə bağlı öz mövqeyini ortaya qoya bilər. Hesab edirik ki, ölkə daxilində siyasi qüvvələr olaraq bir-birimizlə danışıqlara getməliyik. Çünki monoloqun indiyədək ölkəmizə heç bir xeyri olmayıb. Ona görə də dialoqa keçmək lazımdır. Siyasi təşkilatlar bir-biri ilə danışmalıdır və müzakirələr bu istiqamətdə getməlidir.

- Parlament müxalifəti ilə parlamentdənkənar müxalifət eyni blokda təmsil oluna bilərmi? Bununla bağlı hansısa əməkdaşlıq modeli gözlənilirmi?

- Bu danışıqlarda söhbət hər hansı bir blokun yaradılmasından getmir. Məqsədimiz siyasi islahatlarla bağlı müzakirələr aparmaqdır. Gündəmdə parlament müxalifəti və parlamentdənkənar müxalifət arasında hər hansı blokun yaradılması məsələsi yoxdur.

Xəyalə

AzNews.az