"Bunu dövlət başçısı İlham Əliyev də dönə-dönə vurğulayır" "Bunu dövlət başçısı İlham Əliyev də dönə-dönə vurğulayır"

"Bir çox siyasi məsələdə biz ABŞ-dan dəstək alırıq"

"Bunu dövlət başçısı İlham Əliyev də dönə-dönə vurğulayır"

İyunun 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşüb. Görüşdə iqtisadi əməkdaşlıq, Avropaya qaz təminatı kimi bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə edilib.

"Atlas" Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu mövzu ilə bağlı AzNews.az-a açıqlamasında E. Məmmədyarov və C. Bolton arasındakı görüşün özəl əhəmiyyəti olduğunu bildirdi:

"Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşinqtona səfəri əslində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Bu gün də E. Məmmədyarov erməni həmkarı ilə görüşəcək. Həmin görüşdə Con Boltonun da iştirakı nəzərdə tutulub. Bu səfərin özəl bir əhəmiyyəti də var. Azərbaycanla ABŞ arasında strateji münasibətlər mövcuddur. Bir çox siyasi məsələdə biz ABŞ-dan dəstək alırıq. Misal üçün, Azərbaycan qazının Avropaya çatdırılması məsələsində. ABŞ bizə çox ciddi dəstək verir. Bunu dövlət başçısı İlham Əliyev də dönə-dönə vurğulayır. Elə il ərzində Donald Trampın İlham Əliyevə göndərdiyi məktublarda da bu məqam var. Strateji münasibətlərimiz üst səviyyədədir. Biz Əfqanıstana silahlı qüvvələr göndərmişik. Bu da ABŞ-ın maraqları çərçivəsindədir. Bütün məsələlərdə əməkdaşlıq mövcuddur. Boltonun özü də bir müddət əvvəl bölgəyə səfəri çərçivəsində Bakıda olub. O, Azərbaycan səfəri zamanı münasibətlərimizin yüksək səviyyədə olduğunu bir daha vurğulamışdı".

Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə siyasi şərhçinin fikrincə, ABŞ bu məsələnin həllində fəal olmayacaq:

"Əlbəttə, biz ABŞ-ın münaqişənin həllində fəal olub, mövqeyini ortaya qoymasını istəyirik. Rəsmi Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, amma mən optimist deyiləm. Çünki onların bir çox problemləri var. Həm də nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyanin təsiri altındadır. Rusiya Ermənistan vasitəsilə ABŞ-ın vasitəçiliyinin işə yaramaması üçün çalışacaq. Vaşinqtonla müəyyən şifahi razılaşmaların əldə edilməsi mümkündür, ancaq onların yerinə yetiriləcəyinə ümidli deyiləm".

Pərvanə Ağazadə

AzNews.az