Nazirlər münaqişənin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar

Xarici İşlər Nazirliyi xəbər verir

Mayın 19-da Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Xarici İşlər naziri Serqey Lavrov ilə telefon söhbəti baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, nazirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığından sonra verilmiş tapşırıqlara uyğun olaraq, Rusiya Federasiyasının Dağıstan Respublikasında Azərbaycan vətəndaşlarının yığılması ilə əlaqədar vəziyyəti və məsələnin həlli üçün hər iki ölkə tərəfindən əlaqəli şəkildə atılmalı addımları müzakirə ediblər.

Tərəflər ikitərəfli strateji münasibətlərin inkişafı, o cümlədən iqtisadi və ticarət əlaqələrinin, yükdaşımaların genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi həyata keçiriblər. Elmar Məmmədyarov həmkarını ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilmiş ən son video-konfrans formatında görüşü barədə məlumatlandırıb.