Ramiz Mehdiyevin bundan belə ancaq bir perspektivi var, o da əbədi mədfəninin AMEA-ya maksimum yaxın olmasıdır Ramiz Mehdiyevin bundan belə ancaq bir perspektivi var, o da əbədi mədfəninin AMEA-ya maksimum yaxın olmasıdır

“Üçüncü Ramiz Mehdiyev”ə ictimai-siyasi etirazın əsasları- ANALİZ

Ramiz Mehdiyevin bundan belə ancaq bir perspektivi var, o da əbədi mədfəninin AMEA-ya maksimum yaxın olmasıdır

Dəyişikliklər- qloballaşan dünyanın ən vacib praktikasıdır. İnsanlar, toplumlar və dövlətlər özlərini yeniləmək və ətraflarında baş verən sürətləri dəyişiklikləri mənimsəmək məcburiyyətindədirlər. Bu dəyişikliklər cəmiyyətin həyatında o zaman müsbət təcrübəyə çevrilir ki, idarəçilərin iş keyfiyyətləri, funksiyaları və rolları fundamental şəkildə yeni çağırışlara uyğunlaşsın, hökumətlərin heç bir halda sərhədsiz olmayan qaynaqları hüquqilik, iqtisadi faydalılıq, siyasətə adekvatlıq, insan mərkəzlilik prinsipləri çərçivəsində yenidən sistemləşdirilsin. Həmin özəllikləri özündə ehtiva edən dəyişikliklər “islahat” adlanır, dövlətin resurslarından təsirli və rasional bir şəkildə istifadə olunmasına şərait yaradır, son nəticədə cəmiyyətlərin öz dövlətlərinə olan inamını gücləndirir. İstər cəmiyyətin alt qatlarından gələn sosial sifarişlərə, istərsə də qlobal çağırışlara hər zaman çevik reaksiya verən Prezident İlham Əliyev yola saldığımız, içərisində olduğumuz və qarşıdakı illərin Azərbaycan tarixinə dərin islahatlar dövrü kimi yazılması üçün yeni kurs elan edib. Dövlət başçısı ötən müddət ərzində sosial, iqtisadi, siyasi sahələrdə köklü dəyişiklər aparılacağının təkcə anonsunu verməyib, həmin dəyişiklikləri həyata keçirəcək kadr bazası da daxil olmaqla, siyasətin prioritetlərini kökündən yeniləyib. Bu islahatların əsas hədəflərindən biri, heç şübhəsiz, inkişaf etməkdə olan cəmiyyətimizin ehtiyacları və ümumbəşəri şərtlər qarşısında özünü yeniləyən gücə, məzmuna və formaya malik idarəçilik sistemi yaratmaqdır. İdarəçilik sistemi öz daxili dinamikası ilə özünü yeniləyərək ən başda söylədiyimiz dəyişikliklər praktikasına uyğun göstəricilərə malik olduqda, dövlət sosial-siyasi kataklizmlərlə üz-üzə qalmır, dəyişikliklərin qarşısını kəsən yox, sosial təkamülün önünü açan mexanizmlər toplusuna çevrilir, milli suverenliyin qeyd-şərtsiz qaynağı və sahibi olan xalqı bürökratik dövlət aparatının qəlibləri arasında sıxılmağa qoymayaraq dünyadakı fasiləsiz tərəqqi prosesinin gerisində qalan passiv toplumdan təşəbbüskar qüvvəyə çevirir.

Hələ ötən ilin əvvəllərində prezident İlham Əliyev yerli telekanallara geniş müsahibə vermiş, həmin müsahibədə Azərbaycanda hakimiyyətin keyfiyyətcə yeni məzmuna keçidinin konturlarını cızmışdı. Məhz həmin müsahibədən sonra bəlli olmuşdu ki, dövlət başçısı hakimiyyətin bürokratik institutlaşmasına zidd olan bir idarəçilik modelinə- edhokratiyaya üstünlük verir. Bu modelə üstünlük verməklə o, hər bir vətəndaşın dövlətin və cəmiyyətin inkişafında davamlı və fəal iştirakçılığına yol açmağı faydalı hesab edir. İlham Əliyevin təqdim etdiyi yeni model, ilk növbədə onun bir lider kimi özünə inamının və yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının sürətlə yayıldığı tarixi şəraitdə- “ikinci ekran” çağında zamanın çağırışlarına çevik reaksiya verməsinin göstəricisi idi. Azərbaycanda dövlət strukturlarının mobilləşməsi, iqtisadi azadlıqların genişlənməsi, sosial müdafiənin güclənməsi, kəsə desək, mərkəzində vətəndaşın hüquq və maraqları dayanmış çoxşaxəli islahatların aparılması üçün İlham Əliyevin təqdim etdiyi yeni hakimiyyət modeli heç də dərhal- bir neçə ay ərzində və asanlıqla formalaşacaq, tətbiq ediləcək bir sistem deyil. Bunun səbəblərinə nəzər salmaq üçün qısaca olaraq “edhokratiya nədir” sualını cavablandırmaq lazım gəlir. Bu termin latınca “ad hoc” (“məqsəd”) kəliməsindən törəyib. Liderlik institutu ilə bağlı araşdırmaları ilə tanınan Uarren Bennisin 1968-ci ildə elmi leksikona daxil etdiyi bu məfhuma amerikan futurolist və sosioloq Elvin Toffler tərəfindən məşhurluq qazandırılıb. Qısaca izah etsək, edhokratiya hakimiyyətin bürokratik institutlaşmasına zidd olan bir idarəçilik modeli olmaqla, yüksək savad, yüksək motivasiya və yüksək dinamizm tələb edir. Bu tələblərin icrası üçün hakim komanda üzvləri empirik və yenilikçi dəyərlərlərə söykənir. Edhokratik model ümumi fəaliyyət mədəniyyətini təşəbbüskarlıq amilinə əsaslandırmaqla, bütün sosial, siyasi və mədəni münasibətlər sistemi dəyişir, təkcə yeni məmur yox, həm də yeni vətəndaş tipləri üzə çıxarır. Sözügedən modelin tətbiqi cəmiyyətin ehtiyac və təşəbbüslərinin diqqətdə saxlanılması, hakim komanda üzvlərinin öz kreativ dünyagörüşünü ortaya qoyması baxımından geniş imkanlar açmaqla yanaşı, siyasi liderlərə müəyyən risklər də yaradır. Politoloqların fikrincə, bu risklərdən ən mühümlərindən biri həm dövlət strukturlarında, həm də siyasi təşkilatlarda özünə geniş imkanlar yaratmış ənənəvi bürökratiyanın islahatlar və edhokratik modelə keçid prosesində, yumşaq desək, incik düşməsidir. Bəzən tendensiyanın özünü, prosesin gedişini, məqsədlərini və ilkin nəticələrini deyil, yalnızca problemləri əsas götürənlər deyingən bir formada “belə islahatmı olar” sualını səsləndirməklə ixtiyari bir problemin meydana çıxmasındakı səbəb-nəticə əlaqələri üzərində dayanmır, formal təzahürlərlə sistemli çözüm mexanizmlərinə olan dialektik zərurət arasında kolliziya axtarırlar. Bu axtarış həmin incikliklə vəhdət yaradanda, islahatların gətirdiyi və gətirə biləcəyi yeniliklərə kölgə salmaq bir qədər asanlaşır.

İslahat, başqa terminlə ifadə etsək, reform bir şeyi yenidən qurmaq, təzədən sistemləşdirmək deməkdir. Azərbaycan sovet resbulikasından azad və demokratik bir cümhuriyyətə, sosial-iqtisadi baxımdan geridə qalmış bir ölkədən inkişaf etməkdə olan ölkəyə, patriarxal adət-ənənələrə söykənən şərq kütləsindən hüquq və azadlıqlar, elmi dünyagörüş üzərində qurulan vətəndaş cəmiyyətinə keçid edən ölkədir. Həm ulu öndər Heydər Əliyevin dövründə, həm də prezident İlham Əliyevin hakimiyyət illərində bu keçid prosesi çox böyük nailiyyətlərlə yadda qalıb, ən böyük naliyyətimiz isə Azərbaycanın dövlət müstəqilliyinin davamlılığıdır. Lakin dünyanın hazırkı elmi-texniki tərəqqisinin alt qatı olan Avropa tarixindəki renessans mərhələsini yaşamamış bir toplum olaraq qarşımızda çox aktual bir sual, məsələ var: istehlakçı cəmiyyətdən istehsalçı topluma keçid. Bu keçid üçün bizim bir cəmiyyət olaraq asılı olduğumuz tarixdən gələcəyə milli identifikasiyamızı və Azərbaycan mədəni arealında formalaşmış resurslarımızı qorumaq şərti ilə kəskin bir sıçrayış etmək məcburiyyətindəyik.

“Hər pis işdə bir xeyir vardır” deyimindən çıxış etsək, bu zərurəti dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi açıq və kəskin şəkildə ortaya qoydu. Ölkəyə gələn neft pulları ilə bahalı, bir çox hallarda isə korrupsiyanın mərkəzində dayanan dövlət təşkilatı saxlamağın təkcə vətəndaşlarımızın rifahı və təhlükəsizliyi üçün deyil, bütövlükdə müstəqilliyimiz üçün təhdid olduğu üzə çıxdı. Cəmiyyət də, dövlət də, prezident də qarşısında qaldığı “nə etməli” sualına cavab olaraq ən doğru olan strategiya ilə hərəkət etdi, böhranı fürsətə çevirmək xəttini tutdu. Bir dəfə bu barədə yazdığım fikri yerinə düşür deyə, təkrar etmək məcburiyyətindəyəm- prezident İlham Əliyev neftin dünya bazarında ucuzlaşmasından qaynaqlanan böhrandan həm Azərbaycana yeni fürsətlər qazandırmaq, həm də artıq qazanılmış fürsətləri yeniliyə çevirmək üçün ustalıqla yararlandı. Neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına keçid dövlət təşkilatını bir tərəfdən yığcamlaşdırmağı və mobilləşdirməyi, digər yandan isə, təbii sərvətlərin satışından qazanılan pullarının yaratdığı arxayınçılığı iqtisadi təşəbbüskarlıqla əvəzləməyi tələb edir. Hər iki halda ölkə üçün də, prezident üçün də əsas resurs artıq neft deyil, insan kapitalıdır. Həm bu kapitaldan düzgün istifadə etmək, həm də onu inkişaf etdirmək məqsədi ilə prezident Əliyev savadlı, müasir düşüncəli, dövlətə bağlı kadrların önə çəkilməsinə start verib. Prezident illər öncəki devalvasiya ilə üzə çıxan üç açığı (çatışmazlığı, nöqsanı) –

a) büdcə;

b) kabinetə etimad;

c) dövlət xidmətlərində səmərəlilik defisitlərini

qapatmaq üçün Nazirlər Kabinetində, Prezident Administrasiyasında, çeşidli nazirlik və dövlət komitələrində sensasiyalı dəyişiklər edib. Dəyişikliklər, sadəcə üst vitrində cəmiyyətə yeni simaların təqdim olunmasından ibarət deyil, sosial identifikatorların təzələnməsi ilə yeni növ dövlət xidmətlərinə olan tələbatları qarşılamaq üçün alt bazanın təkmilləşdirilməsini də əhatə edir. Bu siyasət, əlbəttə, doğru və islahatları zəruri edən çox mühüm amillərdən birinə- nəsillərin yeniləşməsindən doğan gözləntilər dəyişikliyinə tam adekvatdır, amma başqa bir risk yaradır- sistem dəyişikliyindən incik düşmüş bürokratlar, həm də prezidentin özündən narazı qala bilər. Hərçənd islahatçılıq kimi, bu sayaq narazılıqlar da zehniyyət məsələsidir və yalnızca ictimai maraqları bir kənara qoyaraq öz xüsusi mənfəətlərini maksimallaşdıran məmurlar itirdikləri imtiyazları faciəyə çevirərlər.

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın hazırkı prezidenti Ramiz Mehdiyevin öz nəvəsinin “Abşeron bağları” mahnısına yenidən ictimai diqqət cəm eləmiş toyundan sonra yazdığı məqalələr məhz narazılıq ovqatına köklənib. Düzdür, müəllif, toydan sonra saxlanılmış kürəkəni və qudalarına kəsilən cəza ilə razılaşdığını, sosial statusundan asılı olmayaraq qanunlar qarşısında hamının bərabər olması prinsipinə sayğı duyduğunu ifadə edir, əqidəsinə bağlılığını, dövlət başçısına sədaqətini bildirir. Lakin sətirlərin arasından fərqli bir Ramiz Mehdiyevin baş qaldırması, akademikin COVİD-19 pandemiyasına qarşı tətbiq edilən karantin qaydalarının ziddinə keçirilmiş məlum toydan sonra ictimaiyyətdə yaranan haqılı qəzəb qarşısında özünü müdafiə etməkdən, hətta bəraət qazandırmaqdan daha çox, müqavimət və hücum əhval-ruhiyyəsində olması nəzərə çarpır, məqalələrdə verilən hər bir mesaj ictimai rəyə “üçüncü Mehdiyev” obrazının təqdim olunmasına xidmət edir.

Mənim üçün, zənnimcə, Azərbaycan prezidenti İlham Əliyevin siyasətini ardıcıl və birmənalı şəkildə dəstəkləyən hər kəs üçün iki Ramiz Mehdiyev var- söhbət müstəqilik dövründən gedir. Vəzifədə olan və olmayan Ramiz Mehdiyevlər deyil onlar, biri PA-nın rəhbəri, digəri AMEA-nın prezidentidir. Hər ikisi Azərbaycan prezidenti tərəfindən etimad göstərilmiş Mehdiyevdir. Birinci Ramiz Mehdiyev- PA rəhbəri, bəli, hazırkı iqtidarın qurulmasında, qorunmasında, möhkəmlənməsində, müstəqillik yaşımızın 30 ili haqlamasında hakim komandanın aparıcı üzvü kimi xidmətləri olmuş şəxsdir, heç kim danmır, təcrübəli dövlət xadimidir, bürokratik aparat işinin yaxşı təşkilatçısıdır. Bu xidmətləri hamıdan daha yaxşı görən, bilən və qiymətləndirən prezident İlham Əliyev onu ən ali dövlət ordenləri ilə təltif etmiş, hörmətlə Prezident Administrasiyasından AMEA-ya yola salmış, bununla da 82 yaşlı məmura ləyaqətli bir jest etmişdi. Hərçənd mənim şəxsi fikrimcə, cənab Mehdiyev öz postunda o yaşa qədər qalmamalı, nəticədə dövlət başçısının açıq efirdən onu istefaya çağırmasına lüzum yaranmamalı, ən azı 10 il öncə istefa ərizəsini prezidentə təqdim edərək indi tutduğu posta- AMEA-ya göndərilməsini xahiş etməli idi. Heç kimə sirr deyil ki, o, çağdaş dövlətimizin qurucusu Heydər Əliyevin "Yeni Azərbaycançılıq" ideologiyasının elmi-tədqiqat istiqamətlərinin işlənməsində xüsusi rol oynayıb və AMEA-da bu yöndə aparılacaq araşdırmalara bilavasitə rəhbərlik etmək Mehdiyev üçün müstəqillik dövründə ikinci və sonuncu modeldir. Lakin Mehdiyev bu modeldə özünü aktuallaşdıra və reallaşdıra bilmir, yaşına və təcrübəsinə yaraşmayan bir formada siyasi macəralara atılır, islahatlara müqavimət göstərir, üçüncü qüvvənin mərkəzi fiquru olmağa hesablanan gedişlər edir. Bu gedişlər isə, ilk növbədə kölgə iqtisadiyyatının nümayəndələrinin və korrupsioner məmur təbəqəsinin dəstəyini qazanmağa, Azərbaycanın öz beynəlxalq münasibətlərdə etdiyi kardinal dəyişikliklərdən (yeri gəlmişkən, bu, islahatları şərtləndirən mühüm faktorlardandır) narahat olan xarici qüvvələrin maraqlarını öz lehinə çevirməyə, İlham Əliyevin dayanıqlı elektoratını regional motivlərlə parçalamağa, ənənəvi müxalifətə göz qırpmaqla protest elektoratı ilə arasında körpü salmağa, siyasi proseslərdə küçənin təzyiqi əsas amilə çevrilərsə, mərkəzdənqaçma meyillərini stimullaşdıraraq “keçid hökumətinin ağsaqqalı” olmağa yönəlib. Lakin bir neçə çox ciddi səbəb üzündən Mehdiyevin bu gedişləri Azərbaycandakı güc dəngələrini və gerçək siyasi mənzərəni dəyişmək potensialında deyil.

Prezident İlham Əliyev islahatlar kursunu gerçəkləşdirməyə başlayarkən, heç şübhəsiz, mümkün riskləri çox ətraflı şəkildə nəzərə alıb, bütün təbii və süni əngəlləri necə dəf etmək barədə ətraflı düşünüb, öz liderlik keyfiyyətlərinə və islahatların uğur qazanması üçün vacib olan iqtisadi, inzibati, geopolitik və elektoral resursları kontrol altda saxlayacağından tam arxayın olduğu üçün ortaya çıxa biləcək istənilən anti-reformist qüvvə nə dövlət, nə də cəmiyyət içində nüfuz qazana bilər.

AMEA prezidenti cəmiyyətlə əlaqələrini ancaq xatirələr janrında qurmaq məcburiyyətində olduğundan “üçüncü Mehdiyev”in personasi dar və qapalı qruplarda İlham Əliyev əleyhdarlarına “müttəfiq” təsiri bağışlaya bilər, ancaq açıq siyasət üçün heç bir halda heç kimə cazibədar olmayacaq. Elektoratda xüsusi seqment kimi önə çıxan “Z” nəsli üçün nə akademik titullar cazibə yaradır, nə yeni siyasi konfrantasiyalar, nə də didaktik mesajlar. Məsələn, qardaş Türkiyənin İstanbul şəhərində bələdiyyə seçkilərini qazanmış Əkrəm İmamoğlu ilə müqayisə etsək, “üçüncü Ramiz Mehdiyev”in ağıllı telefonların qaleriyasından boylanmaq perspektivi yoxdur.

Ümumiyyətlə, Ramiz Mehdiyevin bundan belə ancaq bir perspektivi var, o da əbədi mədfəninin AMEA-ya maksimum yaxın olmasıdır. “Üçüncü Mehdiyev” daha öncəki Mehdiyevlərin “birgə” son mənzilini AMEA-dan çox-çox uzaq salacaq kimi görünür.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru