Bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb Bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb

Ceyhun Bayramovun moldovalı həmkarı ilə danışıb

Bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb

Xarici İşlər naziri Ceyhun Bayramovun Moldova Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea ilə telefon danışığı baş tutub.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, Moldova tərəfinin təşəbbüsü əsasında keçirilən telefon danışığı zamanı nazir Oleq Tulea Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı münasibətilə təbrik edib və həmkarına xoş arzularını çatdırıb.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan bir sıra məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə münasibətlərin genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar. İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin tezliklə video-görüş formatında keçirilməsinə dair razılıq ifadə edilib. Azərbaycan və Moldova arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da inkişafı və mövcud potensialdan tam istifadə olunmasının əhəmiyyəti vurğulanıb.

Nazir Oleq Tulea COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan tərəfinin Moldovaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Tərəflər qlobal sağlamlıq böhranı ilə mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib. Bu gün də iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir, bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Nazirlər telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.