"Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi"

Deputatı Elşən Musayev deyib

ATƏT-in Minsk Qrupu zamanında səmərəli və operativ işləsəydi, yəqin ki, vəziyyət bu yerə gəlib çıxmazdı. Bu qurumun son 28 ildə sərgilədiyi fəaliyyət nə birbaşa, nə də dolayı formada xüsusi cəhdlərlə, addımlarla yadda qaldı. Halbuki həmin müddətdə Ermənistana ciddi təzyiqlər olunmalı idi, erməni qəsbkarlardan BMT-nin qətnamələrinə, Beynəlxalq hüququn prinsiplərinə, Konvensiya müddəalarına əməl etmələri tələb olunmalı idi.

Bunu Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, fəqət, bunların heç biri baş vermədi: "Əvəzində proses uzadıldı və ermənilər o qədər həddlərini aşdılar ki, artıq cəbhə boyunca təxribatlar yaratdılar, ordumuza hücum etdilər. Təbii, bu vəziyyətdə Azərbaycan əks-hücum taktikası seçərək düşmənə öz yerini göstərməli idi və göstərir. Qəhrəman ordumuz və bu ordunun Ali Baş Komandanı, cənab İlham Əliyev Ermənistana və onun himayədarlarına anlatdı ki, kimsə bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilməz, bu torpaqlar bizimdir və bizə qayıtmalıdır".

E.Musayevin sözlərinə görə, indi həmin Minsk Qrupu yenə əl-ayağa düşüb, təkliflər verir, tərəfləri kompromisə çağırır: "Amma bir daha deyirəm: məlum xüsusi cəhdlər zamanında olmalı idi. İndi isə artıq gərgin döyüşlər gedir. Rəşadətli ordumuz bir-birinin ardınca işğal altındakı rayonlarımızı geri qaytarır, öz əzəli torpaqlarımızda bayrağımızı asır, bizi qürurlandırır. Yəni, biz maksimum gözlədik, səbr etdik, 30 il boyunca Minsk Qrupunun fəaliyyətinə ümid etdik.

Amma nəticə olmadı. İndi həmin Minsk Qrupunun əvəzinə hər şeyi özümüz həll edirik. BMT-nin qətnamələrini özümüz icra edirik. Torpaqlarımız tam geri qaytarılandan sonra isə artıq nə Minsk Qrupunun fəaliyyətinə ehtiyac olacaq, nə də danışıqlara. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və şanlı ordumuzun ard-arda qələbələri hazırda bizim əsas ümid və güvənc yerimizdir. Qələbə bizimlədir. Eşq olsun bu millətin birliyinə, ruhuna və əzminə. Eşq olsun Ali Baş Komandanımıza və ordumuza. Qarabağ Azərbaycandır!". (Trend)

AzNews.az