“Azərbaycan xalqının tarixində bu cür birlik modeli olmamışdı” “Azərbaycan xalqının tarixində bu cür birlik modeli olmamışdı”

Navalnı Putindən daha yaxşıdırmı? - Fazil Mustafanın cavabı

“Azərbaycan xalqının tarixində bu cür birlik modeli olmamışdı”

Bu arada Azərbaycanda müzakirə təqribən bu istiqamətdə gedir: bizim ölkə üçün Navalnı Putindən dahamı yaxşıdır? Bir çoxları deyir, Navalnı iqtidara gəlsə, Azərbaycan üçün, MDB məkanındakı türk və müsəlman coğrafiyası üçün daha pis olar. Ancaq əksini iddia edənlər də az deyil.

AzNews.az bildirir ki, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında mövzu ilə bağlı maraqlı fikirlər söyləyib: “Ümumiyyətlə, Rusiya mühitində liberal ideyaların tarixi zəmini çox zəifdir və hakimiyyətə ən demokratik adam gəlsə belə, əngin ərazi onu qatı dövlətçi mövqedən çıxış etməyə məhkum edir. Ərazi rus insanını tamamilə əsir alıb və bütün düşüncələr də yetərli olmayan əhali potensialı ilə bu ərazini qorumağa yönəlir. Bunu böyük rus filosofu Berdyayev ”Rusiyanın taleyi" əsərində ən incə detallarına qədər açıqlayıb. Odur ki, Rusiyada bir demokratın hakimiyyəti 1917-ci ilin Müvəqqəti hökumətinin mövcudluğundan uzun çəkə bilməz. Navalnı maraqlı üsluba sahib siyasətçidir, hakimiyyətə qarşı davranışları da standart sxem üzrə getmədiyindən ictimai rəyə təsiri də effektli olur. Lakin ciddi təşkilatlanmış mexanizmə sahib deyil və hakimiyyətdəki çekist-ordu-məmur tiradasını öz tərəfinə çəkmək imkanlarına sahib deyil. Ona görə də Rusiyada hakimiyyətin meydandan və ya bloqdan gələcəyini düşünənlərin nikbinliyi üçün əsas görmürəm".

Millət vəkili qeyd edib ki, Navalnıya Azərbaycanda da bir etirazçı kimi müəyyən maraq anlaşılandır, ancaq siyasətçi kimi ciddi bağlar qurulması müşahidə olunmur:

“Bizdə Rusiya siyasət subyektləri ilə hansı zəmində münasibətlər qurulması hələ ki, təyin olunmayıb. Ondan əvvəl daha demokrat sayılan Xakadama və ya Xodorkovski də vardı, onlarla da indiyədək ciddi münasibətləri olan siyasi partiya və ya qüvvələri xatırlamıram. Burada bir amil var ki, Azərbaycanda gerçək demokrat Əbülfəz Elçibəyin ayaqqabısını geyindiklərini düşünüb, onun yerişini yeriyə bilməyən bir sıra süni demokratlar daxili resursların yetərli olmadığını anlayaraq, daha çox Azərbaycandakı iqtidar dəyişikliyi prosesinin xarici məkandan gələn dalğalarla baş verəcəyinə özlərini inandırıblar və illərdir bu ümidlə yaşayırlar. Ancaq bir neçə ay öncə yaşadığımız Qarabağ zəfəri də göstərdi ki, biz yalnız bugünkü modeldə mümkün olan uğuru qazana bilərdik.

Bu səbəbdən də Navalnı faktoruna ümidlər, sadəcə, siyasi diletantlıqdan irəli gəlir və ifşaçılıq hələ cəmiyyətdə sistemli güc qazanmaq üçün təminat yaratmır. Bizi Rusiyadakı proseslər əlbəttə, maraqlandırmalıdır, ancaq indikindən daha fərqli münasibətin ortaya çıxacağına cəmiyyəti inandırmağa çalışmaq düşünmürəm ki, doğru yoldur".

F.Mustafa bu qənaətdədir ki, Azərbaycan üçün ən məqbul olanı yuxarıdan gerçəkləşdirilən təlatümsüz islahatlar və dəyişikliklərdir:

“Bunun da bir sıra məqamları artıq görünən və görünməyən səviyyədə iqtidar tərəfindən gerçəkləşdirilir. Bütün hallarda hər kəs öz siyasət düşüncəsini Azərbaycan xalqının istək və maraqları üzərində formalaşdırmalıdır”.
Maraqlıdır, Azərbaycan müxalifəti Rusiya müxalifətilə hansısa formada əlaqə qurmalı, əməkdaşlıq etməlidirmi? Niyə belə əməkdaşlıq formatı yoxdur? Azərbaycan müxalifətinin bütün hallarda dövlət maraqlarımızı qorumaq şərti ilə əlaqə saxlaması, onları Azərbaycanın regional maraqları ilə bağlı bilgiləndirməsi mümkündür. Bütün hallarda bu əlaqələri Rusiya ilə dövlət münasibətlərimizə zərər yetirəcək istiqamətə aparmayacaq çərçivədə qurmaq zəruridir”.