- Siyasi müzakirə
- 11 Fevral 2021 23:48
- 7 330
"Hamı bir yumruq kimi birləşdi" - Əli Əhmədov

Qarabağ savaşında qazanılan qələbənin kökündə dayanan başlıca amil Azərbaycan dövlətinin gücü və qüdrətidir.
“2020-ci il təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün əlamətdar il oldu. 30 il ərzində işğal altında olan Qarabağ torpağı Azərbaycan müzəffər ordusu tərəfindən azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, tarixi haqsızlığa son qoyuldu, öz yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıtmaq imkanları tanınmış oldu”.
AzNews.az xəbər verir ki, bu fikirləri Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün "Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları" mövzusunda keçirilən videokonfransda deyib.
Əli Əhmədov bildirib ki, bu qələbənin əldə olunması bir sıra ciddi səbəblərlə əlaqədardır. İlk növbədə, İkinci Qarabağ savaşında qazanılan qələbənin kökündə dayanan başlıca amil Azərbaycan dövlətinin gücü və qüdrətidir. Digər səbəb isə, Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi birlikdir. Bu savaş dönəmində hansı düşüncənin daşıyıcısı olmasından asılı olmayaraq, hamı bir yumruq kimi birləşdi. Bizim möhtəşəm qələbəmizin digər əsas mühüm amili isə Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, əsgərlərimizin qəhrəmanlığıdır.