CXP Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum ilə əlaqədar Cümhuriyyət Xalq Partiyası bəyanat yayıb.

AzNews.az xəbər verir ki, bəyanatda deyilir:

"2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücum Cümhuriyyət Xalq Partiyasının üzvlərinin də ciddi narahatlığına və böyük hiddətinə səbəb olub. Azərbaycan Respublikasının İrandakı səfirliyinin silahlı hücuma məruz qalması faktı 1961-ci ildə qəbul edilmiş “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”nın 22-ci maddəsinin tələblərinin növbəti dəfə kobud və sistemli şəkildə pozulmasıdır. Belə ki, həmin maddəyə əsasən, hər bir dövlətin ərazisində olan diplomatik nümayəndəlik binalarına edilə biləcək hücumlardan qorumaq, diplomatik nümayəndəliyin fəaliyyətinin pozulmasının və ya şərəfinin təhqir edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirlərin yetirilməsinə görə həmin dövlət məsuliyyət daşıyır.

Dövlətimizin xarici ölkələrdə yerləşən səfirliklərini hədəfə almış bu vəhşilik aktının arxasında dayanan mənfur qüvvələr bilməlidirlər ki, bəşəri dəyərlərə, sivil münasibətlərə və beynəlxalq hüquq normalarına zidd olan bu cür çirkin metodlarla Azərbaycana təzyiq göstərmək, onu hər hansı formada hə hansı güzəştə məcbur etmək və müstəqil siyasətindən döndərmək mümkün deyildir. Regionda yeni reallıqlar yaradan, Cənubi Qafqazın lider dövləti kimi güc mərkəzinə çevrilən, dünyada etibarlı tərəfdaş kimi tanınan qalib Azərbaycanın qüdrətindən narahatlıq hissi keçirən qüvvələrin hər hansı təxribat cəhdini, o cümlədən bu xain terror aktını qətiyyətlə pisləyir, şəhid olmuş Orxan Əsgərovun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Eyni zamanda, İran İslam Respublikasından hadisənin hərtərəfli araşdırılaraq hüquqi qiymət verilməsini, qanlı təxribat törədən terrorçunun və onun arxasında dayanan sifarişçilərin layiqincə cəzalandırılmasını və nəhayət, ölkəmizə qarşı uzun müddət ərzində davam etməkdə olan riyakarlığa və təbliğata son qoyulmasını tələb edirik!

Məlum olduğu kimi, Azərbaycan dövləti İranın ölkəmizdəki səfirliyinin mühafizəsini lazımi səviyyədə təmin edir və rəsmi Tehranın da borcudur ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təhlükəsizliyini adekvat səviyyədə qorusun. Amma baş verən cinayət bunun əksini göstərir. Son zamanlar İranda həm rəsmi şəxslər, həm də hakimiyyətin ayrı-ayrı qolları tərəfindən Azərbaycan əleyhinə təbliğat aparılır. Rəsmi Tehranın bu qərəzli mövqeyi nəticəsində ikitərəfli münasibətlərdə soyuqluq yaranıb. Bütün bunların ardınca Tehrandakı səfirliyimizə ölümlə nəticələnən hücum iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə yönəlmiş addımdır. Görünən odur ki, Azərbaycanın həm bölgədə, həm də dünyada möhkəmlənən mövqeyi İranı da narahat edir. Buna görə də, rəsmi Tehran hər vəchlə dövlətimizin regiondakı sülh və əməkdaşlıq təşəbbüslərinə mane olmağa çalışır.

Xatırladaq ki, Ermənistan 1991-ci ildə müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycanın ərazilərinin işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmiş, habelə Bakı şəhərində terror aktları törətmişdir. Bununla yanaşı, ayrı-ayrı vaxtlarda dünyanın müxtəlif ölkələrində çalışan 24 türk diplomatı erməni terrorunun qurbanı olub. 2022-ci ilin avqust ayında Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə, sentyabr ayında Fransadakı və Livandakı səfirliklərinə və oktyabr ayında ABŞ-dakı səfirliyinə hücumlar olub. Təəssüflə qeyd edirik ki, nə ötən ildə baş vermiş hücumlar, nə də 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycanın diplomatik nümayəndəliklərinə və azərbaycanlı icma üzvlərinə qarşı edilən basqınlar ilə əlaqədar açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını və onların havadarlarını yeni təxribatlara əl atmağa cəsarətləndirir”.