ANA VƏTƏN PARTİYASININ BƏYANATI

Bu gün, Bakı vaxtı ilə 8:30 radələrində İranın Tehran şəhərində yerləşən Azərbaycan səfirliyinə edilən xain hücum Azərbaycan xalqı ilə yanaşı dünyanın bütün sülhsevər insanları tərəfindən də böyük hiddətlə qarşılanmışdır.
Əlbəttə, bu qanlı terror hadisəsinə rəsmi İran dövləti məsuliyyət daşıyır. Azərbaycan Xarici işlər nazirliyinin səfirliyimizin təhlükəsizliyinin gücləndirlməsilə bağlı İranın rəsmi dairələrinə dəfələrlə verdiyi təkliflər və narazılıqlar nəzərə alınmamış və əslində bu cür hadisələrin baş verməsinə şərait yaradılmışdır. Səfirliyimizə qarşı yönəlmiş terror aktı nəticəsində 1961-ci il Konsulluq əlaqələri haqqında, 1963-cü il Vyana və BMT-nin immunitet və imtiyazlar haqqında 1946-cı il Konvensiyaları kobud şəkildə pozulmuşdur.
Xatırlatmaq istərdik ki, ötən ilin 4 avqust tarixində oxşar hadisə Azərbaycanın Londonda yerləşən səfirliyinə qarşı da törədilmişdi. Həmin terror hücumunun “The Mahdi Servants Union” radikal dini qruplaşması tərəfindən həyata keçirilməsi və bu radikal dini qruplaşmanın İran dövlətinə bağlı olması heç kimdə şübhə doğurmur.
Son zamanlar İranda ölkəmizə qarşı anti-Azərbaycan kampaniyasının gücləndirilməsi, Azərbaycan əleyhinə olan qüvvələrlə İran fars molla rejiminin rəsmi əlaqələrinin mövcudluğu diplomatik missiyamıza qarşı bu kimi vəhşiliklərə rəvac vermişdir.
Azərbaycan səfirliyinə qarşı törədilmiş qanlı terror aktını qətiyyətlə pisləyir, şəhid olmuş Orxan Əsgərova Uca yaradandan rəhmət, yaralılarımıza şəfa diləyirik. Səfirliyimizə qarşı törədilən xain terror hücumu ilə bağlı İranın dini rəhbərinin və prezidentinin rəsmi açıqlama verməsini, eyni zamanda bu qanlı əməlin sifarişçilərinin və iştirakçılarının ən qısa zamanda müəyyən edilərək sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik.

Aznews.az
27 yanvar 2023-cü il