"RSK-nın bu təxribatı Azərbaycanın suverenliyinə qarşıdır"- DEPUTATDAN SƏRT AÇIQLAMA

"Azərbaycanın Müdafiə Nazirliyi Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan bu gün də hərbi daşınmalar üçün istifadə olunduğunu təsbit edib. Müdafiə Nazirliyimiz üstəlik "Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkətinin Rusiya sülhməramlı kontingentinin müşayiəti altında" reallaşdırıldlğını bildirir".

Bu barədə AzNews.az portalına millət vəkili Sahib Alıyev danışıb.

Deputat deyib:

"Ermənistandan Qarabağa canlı qüvvə və silah-sursat daşındığı, Rusiya hərbi kontingentinin də baş verənlərə göz yumduğu heç kimə sirr deyil. Amma sən demə onlar belə hallara nəinki göz yumur, özləri də Azərbaycanın torpaq bütünlüyünə qarşı yönəlmiş bu prosesin iştirakçısı imişlər. Yəni sələflərinin ötən əsrin 90-cı illərində etdiklərini bir az fərqli şəkildə təkrarlayırlar.
Məncə, Rusiya hərbi kontingentinin Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bu açıq təxribatçı hərəkətlərinə son qoymağın vaxtı çatıb. Haylara gəldikdə onların qanunsuz silahlı birləşmələri torpaqlarımızdan təcili çıxarılmalı, Ermənistanla şərti sərhəddə Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulmalıdır".

AzNews.az