AŞPA-nın Azərbaycana qarşı yönələn son təşəbbüsü Qərbdəki siyasi konyunkturanı ifadə edir - Ekspert

İslamofobiyanın əsirinə çevrilən Avropadakı əksər dairələr ötən il sentyabrın 19-20-də Azərbaycan tərəfindən həyata keçirilmiş antiterror tədbirlərindən narazı qalıblar. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Qərbin Qarabağ üzərindən qurulmuş bütün planlarını pozub. Bu baxımdan Qərb dairələri təzyiqləri artırmaq, Azərbaycanı geri addım atmağa məcbur etmək üçün bütün vasitələrə əl atırlar. Bu məqsədlə onlar rəsmi strukturlardan başlamış təsirlərində olan QHT və KİV-lərə qədər ən müxtəlif komponentləri ölkəmizə qarşı təzyiq prosesinə cəlb ediblər. Hazırda ölkəmizə qarşı çox geniş arealda kampaniya həyata keçirilir. Fikrimcə, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təşəbbüsü də bu kampaniyanın tərkib hissəsidir. Digər Qərb mərkəzləri kimi, AŞPA da Avropadakı siyasi konyunkturaya uyğun davranır.

Aznews.az xəbər verir ki, bu sözləri açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, AŞPA-nın ikili standartlar nümayiş etdirməsi ilk belə hal deyil. Azərbaycan bu quruma üzv olduğu gündən - 2001-ci ildən bəri ikili yanaşmaların şahidi olub. Qurumda mövqe tutmuş islamofob qüvvələr hətta torpaqlarımız işğal altında olanda da “erməni mövzusu”nu Azərbaycan əleyhinə istifadə ediblər. Eyni zamanda, Avropa İttifaqı (Aİ), Avropa Parlamenti, Avropa Şurası və AŞPA-nı öz məqsədlərinə alət edərək sanki “xristian klubu”na çeviriblər.

“Avropa İttifaqının, Avropa Şurasının bu kontekstdə təkcə Azərbaycanı deyil, həm də Türkiyəni hədəf seçdiklərinin də şahidi olmuşuq. Son 3 ildə isə onların anti-Azərbaycan hərəkətləri daha da intensivləşib. Belə ki, onlar öz şərtləri çərçivəsində Azərbaycanı Ermənistanla ədalətsiz “sülh danışıqları” masasına oturtmaq, rəsmi İrəvan üçün əlverişli maddələr üzrə sənəd imzalatmağa çalışırlar. Halbuki Qərb dairələrinin “sülh müqaviləsi” üçün təqdim etdikləri şərtlər ədalətsizdir. Onların yanaşmasında işğalçı ilə işğala məruz qalan, ziyan vuranla ziyan vurulan arasında fərq qoyulmur. Rəsmi Bakının prinsipial davranması, milli maraqlara söykənməyən şərtlərin qəbulundan imtina etməsi Qərb mərkəzlərini aqressivləşdirir. Onlar da öz aqressiyalarını AŞPA-nın son qərarı qismində qeyri-konstruktiv addımlarla ifadə edirlər”, - deyə ekspert əlavə edib.