Etibar Məmmədov: “AŞPA-nın Azərbaycana qarşı törətdiyi ədalətsizlik cinayətə ekvivalentdir”

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyi bəyan edir ki, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış etdikdən sonra məkanı tərk etməsinə görə məsuliyyət Azərbaycana qarşı qərəzli, ermənipərəst, antidemokratik, beynəlxalq hüquq və normalara, qarşılıqlı hörmət və ehtiram ruhuna tamamilə zidd mövqe sərgiləyən əsl səbəbi AŞPA-nın və onun rəhbərliyinin üzərinə düşür”.

"Aznews.az" xəbər verir ki, bunu “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin sədri Etibar Məmmədov Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış etməsi və bundan sonra iclas zalını tərk etməsinə münasibət bildirərkən deyib.

“İctimai birlik AŞPA-nın kobud şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdlərini, Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra guya “ədalətli arbitr” rolunda çıxış edərək erməni lobbisinin diqtəsi altında fəaliyyət göstərməsi və müxtəlif cəfəng bəyanatlar səsləndirməsini, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı addımlarını qəti şəkildə pisləyir və bunları yolverilməz sayır. Ümumiyyətlə, son illər ərzində Avropa Şurası Parlament Assambleyası siyasi korrupsiyanın, ayrı-seçkiliyin, etnik və dini nifrətin, ikili standartların, təkəbbürlülüyün, şovinizmin hökm sürdüyü quruma çevrilib. Bütün bu mənfi halların müşahidə edildiyi AŞPA “demokratiya pərdəsi” adı altında demokratik prinsiplərə daban-dabana zidd olan qərarlar qəbul edir və bunları müxtəlif dövlətlərə və xalqlara sırıyır. Lakin bütün dünya bir daha şahidi oldu ki, Avropa Şurası Parlament Assambleyasının məkrli, ədalətsiz, ikili standartlara əsaslanan, Azərbaycanın öz gücünə tarixi ədaləti bərpa etməsini həzm edə bilməyən bəzi qüvvələrin maraqlarına xidmət edən fəaliyyəti Azərbaycan dövlətinin və xalqının iradəsini əyməyə, sındırmağa qadir deyil və heç vaxt olmayacaq. Azərbaycan kimi tolerant, multikultural və ümumbəşəri dəyərlərə sözdə və əməldə sadiq olan bir dövlətə qarşı törədilən ədalətsizlik cinayətə ekvivalentdir. “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyi Azərbaycan dövlətinin mövqeyini birmənalı şəkildə dəstəkləyir və Azərbaycan nümayəndə heyətinin AŞPA-nın iclas zalını nümayişkaranə surətdə tərk etməsini alqışlayır”.