“İlqar Məmmədov milli maraqlarımızı sabotaj edir”- Siyasi analitik

“Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırmasına səbəb olan proseslər ölkəmizdə sürüşkən mövqeyi ilə tanınan bəzi siyasətçiləri həvəsləndirib. Siyasi fəaliyyətlərini xalqdan dəstək almaq əvəzinə, Qərbdən maliyyə formasında “like” almaq məqsədinə həsr edənləri cəmiyyətimiz çox gözəl tanıyır və qəbul etmir. Odur ki, “Real” partiyasının cəmiyyətin nəzərində heç bir çəkisi yoxdur. Bunun ən bariz sübutu İlqar Məmmədovun partiyasının Ədliyyə Nazirliyində qeydə alınmaq üçün 5 min üzvü güc-bəla ilə toplaması və hazırkı prezident seçkilərində iştirak etməməsidir”- bu barədə siyasi analitik Taleh Şahsuvarlı açıqlama verib.

Taleh Şahsuvarlı bildirib ki, 2020-ci ilin parlament seçkilərində o İlqar Məmmədova eyni seçki dairəsində namizəd olmağı təklif edib: “O vaxt İlqar Məmmədovun seçkilərə qatılmaq üçün hüquqi problemləri vardı. Buna baxmayaraq seçkilərə qatılacağına ümid edir, bu yöndə mesajlar verir, təbliğat aparırdı. Mən də müstəqil namizəd kimi seçkilərə qatılmaq niyyətində idim. Təklif etdim ki, hansı dairədən namizəd olmaq istəyirsə, açıqlansın, görək elektorat kimə səs verəcək. Namizədliyin irəli sürülməsinin son günlərinə qədər gözlədim, İlqar Məmmədovdan səs çıxmadı”.

Siyasi analitik xatırladır ki, İlqar Məmmədov həbsdən çıxdıqdan sonra ölkədə həm parlament, həm də prezident seçkiləri keçirilib, ancaq Real sədri heç birində iştirak etməyib: “Odur ki, onun gələcəkdəki ilk parlament və prezident seçkilərdə hakimiyyətə gələ bilməsə, “Real” sədrliyindən gedəcəyi barədə dedikləri, yumşaq desək, konyukturadır. Məşhur bir söz var, deyirlər, Bağdad burada deyil, yüz iynə boyu buradadır. Ölkəmizdə hazırda seçki gedir. İlqar Məmmədov 40 min imza toplaya bilməyəcəyini başa düşüb prosesə qatılmadı. Bu seçkilər gözü başqa dövlətlərin drijor çubuğunda olanların, əli beynəlxalq təşkilatların ətəyində olanların üstündən birdəfəlik xətt çəkəcək. Bu reallığı dərk edirsə, İlqar Məmmədov Real sədrliyindən indidən gedə bilər, daha ictimaiyyətin gözünə kül üfürməyə gərək yoxdur”.

Taleh Şahsuvarlı hesab edir ki, İlqar Məmmədovun bu cür açıqlamaları Qərbə özünü xatırlatmaq cəhdidir: “Real sədri diplomatik dillə Qərbdən maliyyə və digər dəstək istəyir. Ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycana qarşı təzyiq mexanizmlərinin işə düşdüyü bir dövrdə bu cür davranış milli maraqlarımızın sabotaj edilməsidir”.