"Partiyalar seçkilərdə şəffaflığın təmin olunmasında da yaxından iştirak edirlər" - Müstəqil Media Mərkəzi

Siyasi partiyalar cari il fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində aktiv iştirak edirlər. "Seçki-2024" Müstəqil Media Mərkəzinin məlumatına görə, Mərkəzi Seçki Komissiyası seçkilərə öz namizədləri ilə qatılmaq istəyən bütün siyasi partiyaların namizədlərinin irəli sürülməsini təsdiq edib və hamısını qeydə alıb. Hazırda azad seçki mübarizəsi aparan 7 namizəddən 5-i məhz siyasi partiyalar tərəfindən irəli sürülənlərdir.

Əsas məramı siyasi proseslərdə iştirak olan siyasi partiyaların müxtəlif statuslarla da seçkilərə qatıldığını aydın görmək mümkündür. Seçkilərə öz namizədləri ilə qatılmayan çoxsaylı siyasi partiyalar da Prezident seçkilərinə ciddi maraq göstərir, kifayət qədər böyük sayda müşahidəçiləri və məşvərətçi səs hüquqlu komissiya üzvləri ilə seçkilərdə şəffaflığın təmin olunmasında yaxından iştirak edirlər. Belə ki, indiyədək 19 siyasi partiyanın, ümumilikdə 30000-ə yaxın müşahidəçisi Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında akkreditasiyadan keçməklə seçkiləri müşahidə hüququ qazanıblar və bu proses hal-hazırda intensiv şəkildə davam edir.

Qeyd etmək lazımdır ki, siyasi partiyalar ölkədə keçirilən seçkilərdə xüsusi yeri və çəkisi olan mühüm seçki subyektlərindəndir. Azərbaycanın mövcud seçki qanunvericiliyi də siyasi partiyaların seçkilərdə öz məqsəd və məramına uyğun iştirakı üçün hərtərəfli və geniş imkanlar təsbit edir. Seçki təcrübəsi aydın göstərir ki, siyasi partiyaların seçkilərdə fəallığı, ictimai-siyasi proseslərə təsir imkanları ilbəil artmaqdadır. Əlbəttə bunda siyasi partiyaların inkişafı, möhkəmlənməsi, ictimai-siyasi proseslərə yaxından cəlb edilməsi üçün respublikada yaradılmış əlverişli mühit önəmli rol oynayır.

AzNews.az