Putin Paşinyanı niyə devirmir - bunu özü istəmir, yoxsa...

“Şübhəsiz ki, Moskva bu gün Ermənistanda hakimiyyət dəyişikliyi edə bilər, lakin bu, hazırda onun maraqlarına uyğun deyil”.

Aznews.az Globalinfo-ya istinadən xəbər verir ki, bu fikirləri erməni siyasi analitik Tatul Akopyan deyib.

Analitik Nikol Paşinyanın Ermənistana rəhbərliyinin əslində Kreml üçün məqbul olduğunu bildirib:

“Bu gün Ermənistan müxalifəti açıq şəkildə deməsə də, Moskvanın İrəvanda hakimiyyət çevrilişi etməməsinə təəccüblənir. Hər kəsə maraqlıdır ki, niyə Rusiya Robert Köçəryanı, Serj Sərkisyanı və onların himayəsi altında fəaliyyət göstərən qüvvələri dəstəkləmir? Bu gün Robert Köçəryanın Vladimir Putinlə yaxın olmasının Rusiyanın maraqları baxımından heç bir əhəmiyyəti yoxdur. Lakin Paşinyan hazırda Rusiya üçün məqbul liderdir. 2020-ci ildə baş verən müharibə fəlakətindən sonra Rusiya Ermənistanda yeni birini hakimiyyətə gətirsəydi, o şəxs bütün müqavilə öhdəliklərini yerinə yetirməyə borclu olacaqdı. Lakin Nikol Paşinyan bunu etmir. Azərbaycan və Türkiyə ilə münasibət hazırda Rusiya üçün Ermənistandan daha önəmlidir. İndiki İrəvan hakimiyyəti mövcud reallıqda Moskvanın tələblərinə cavab verir”.

“Təəccüblü deyil ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və digər Rusiya rəsmiləri hər fürsətdə Paşinyanı ittiham edirlər. Onun qərbyönümlü olduğunu, NATO-nu Qafqaza gətirməyə çalışdığını deyirlər. Moskva erməni xalqını inandırır ki, bütün baş verən bədbəxtliklərin günahkarı Nikol Paşinyandır. Bütün fəlakətlər ona görə baş verib”, – T.Akopyan deyib.

Erməni siyasi analitikin dedikləri bir çox suallara yol açıb. Doğrudan da, Rusiya Paşinyanı niyə devirmir? Buna gücü çatmır, yoxsa Akopyanın dediyi kimi, marağında deyil? Erməni baş nazir bundan artıq arxasını Rusiyaya necə çevirsin ki, Kreml bir dəfəlik onun hakimiyyətinin “edamına” qərar versin?

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi niyyətinin aradan qalxmadığını düşünür: “Rusiya üç ildən artıqdır ki, bütün imkanlarını və əlində olan varintları səfərbər edib Paşinyan hakimiyyətini devirməyə cəhdlər edir. Amma bu günə qədər hələ ki, istəyinə çata bilmir. Bunun bir çox səbəbləri var. Burada Ermənistana hərbi müdaxilə variantını istisna etməliyik. Hətta etməsək belə ən sonuncu və Rusiya üçün arzuolunmaz variant kimi qəbul etməliyik. Çünki hərbi müdaxiləyə imkan verən və Rusiyanın təcrübəsində mütəmadi istifadə etdiyi ciddi səbəblər Ermənistanda yoxdur. Ermənistan etnik tərkibinə görə mono respublika olduğundan orada rus əhalisi demək olar ki, yaşamır və bu amil onların haqq və hüquqlarını qorumaq adı altında müdaxiləni imkansız edir. Yaxud Ermənistanın Rusiya ilə hər hansı sərhədi olmadığından ərazisinin bir hissəsini anneksiya da edə bilmir. Gümrüdəki bazası vasitəsilə ölkədə hansısa qarışıqlıq salma perspektvinin uğurlu olmayacağı da bəllidir. O səbəbdən rəsmi Kremlin indiyədək cəhd elədiyi əsas variant ölkə daxilindən Paşinyana qarşı güclü müxalifət formalaşdırıb, əhalini bu gücün ətrafında birləşdirməklə ya seçkilər vasitəsilə, ya da insanların küçələrə çıxması ilə hakimiyyət dəyişmək olub. Neçə illərdir ki, bu cəhdlərin tez-tez olduğunu və nəticə vermədiyini görürük. Hər dəfə də Paşinyan bu proseslərdən daha da güclənmiş çıxıb. Çünki Moskvanın istinad elədiyi müxalifət liderləri bundan öncə hakimiyyətdə olmuş və xalqın böyük əksəriyyətinin nifrətini qazanmış liderlər olub və onlara inam olmadığından Paşinyanın siyasətini bəyənməyən insanlar belə onlara qoşulmaq istəmirlər. Paşinyanın fiziki cəhətdən ortadan götürülməsi variantına baxsaq əslində istəsələr bunu edə bilərlər. Amma ondan sonra olacaqları indidən təxmin etdiklərindən bu addıma da getmək istənilmir. Çünki, hətta kənar bir güc Paşinyana sui qəsd edərsə, bunu Rusiyadan görəcəklər və ölkədə az da olsa mövcud olan Rusiya meyilli insanların cinahlarını dəyişəcəkləri qaçılmaz olacaq. Ölkədə demək olar ki, leqal halda Qərb kəşfiyyatının və başqa servislərin olmasını da unutmamalıyıq. Ən asası belə bir hadisədən sonra Kremlə yaxın kiminsə hakimiyyətə gələcəyi mümkün olmayacaq. Digər tərəfdən Paşinyan komandasının içində fors major hallarda onu əvəzləyəcək lider problemi da olmayacaq. Bəlkə də belə variantlar indidən hazırdır. Ona görə də Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi etmək istəmədiyi barədə deyilənlərə qoşulmuram və əksinə bu dəyişikliyin olmasını istədiyinə əminəm. Amma bu gün üçün hələ istəyinə nail ola bilmir. Eyni zamanda düşünürəm ki, bu istiqamətdə işlərini və hazırlıqlarını görür”.

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Putinin hər an bu addımı ata biləcəyini vurğuladı: “Rusiya oturuşmuş dövlətdir. Rusiyanın dövlətçilik ənənəsi var. Putinin tək bir planı olmur. A varinatı ilə yanaşı B planı da var. Həqiqətən də sual yaranır ki, indiyə qədər niyə Putin Qərbin hakimiyyətə gətirdiyi Nikol Paşinyanı devirmir? Və ya niyə Rusiya Robert Köçəryanı, Serj Sərkisyanı və onların himayəsi altında fəaliyyət göstərən qüvvələri dəstəkləyib hakmiyyətə gətirmir? Putin Paşinyanın arxasında Qərbin dayandığını əsas götürərək bu addımı atmaması inandırıcı deyil. Çünki hər zaman demişəm, Putin heç bir standart tanımır, beynəlxalq hüquqa əhəmiyyət vermir, insan amilini nəzər almır. Putin çox yaxşı bilir ki, revanşist qüvvələri hakimiyyətə gətirməsi Azərbaycanla növbəti müharibənin başlanması deməkdir. Köçəryan-Sərkisyan cütlüyü qısas hissi ilə yaşayır. Həm də erməni cəmiyyəti bu iki şəxsi qəbul etmir. 30 il ərzində korrupsiyaya bulaşmış şəxslər olub. Xalqın ciddi narazılığı var. Ona görə də Putin daha ağıllı qərarlar verir. Rusiyanın maraqlarına uyğun qərarlar qəbul edib, bunu Paşinyanın hakimiyyəti ilə həyata keçirir. Rusiya Qərbpərəst qüvvələri müəyyən müddətə qədər hakmiyyətdə saxlamağı düşünür. Əsas hədəfi Ermənistanda xalqın geniş dəstək qazanmış Paşinyan hakimiyyətini tam xalqın gözündən salaraq yola salmaqdır. Unutmayın ki, Rusiyanın Ermənistanda Dəmirçiyan nümunəsi də var. Günün günorta çağı Ermənistan Parlamentində spiker Dəmirçiyanı, baş naziri və bir neçə deputatı qətlə yetirdilər. Yəqin ki, bunu Nikol Paşinyan da unutmamış deyil. Hər halda Rusiyanın Ermənistana təsir etmək imkanları genişdir. İstənilən məqamda Putin gözlənilməz addım ata bilər”.