- Siyasi müzakirə
- 7 Noyabr 23:01
- 5 732
"Düşməni diz çökdürməyi bacardıq" - DEPUTAT
“Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Çünki biz görürdük ki, mənfur düşmən sülh yolu ilə razılığa gəlmək istəmir. Biz 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdik ki, torpaqlarımızdan vaz keçməyəcəyik. Sülh yoluyla olmasa da hərb yoluyla biz bunu bacarırıq. Bacardıq da. Bu baxımdan Zəfər günü Azərbaycan durduqca tariximizin ən şanlı günlərindən biri olacaq”.
Bunu AzNews.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Hələ illər əvvəldən Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun döyüş qabiliyyəti möhkəmlənirdi, yüksəlirdi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edilirdi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınırdı. Bütün bunlar isə Ali Baş Komandanın düzgün siyasətinin nəticəsi idi. Biz bütün sahələrdə irəli getməklə düşməni diz çökdürməyi bacarmışdıq. Həm iqtisadi, həm hərbi asılılığın olmaması müstəqil siyasət yürütməyə imkan verirdi. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırırdı. Ölkəmizdə müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradır”.
Deputat qeyd edib ki, müharibədə qələbə qazanmağımızın bir səbəbi də xalq-ordu birliyi idi. “Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Şuşanın da azad olunması ilə düşmən kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. Bu baxımdan bizim üçün Zəfər günü tarixi ədalətin bərpası kimi də təcəssüm olunur. Biz zəfər qazanmaqla həm torpaqlarımızı azad etdik həmçinin də xeyirin şər üzərində qələbəsini dünyaya göstərdik. Ədalət tərəzisini taraz etdik”.