- Siyasi müzakirə
- 18:49
- 1 064
“Bu addım sülhə və sabitliyə aparan yolun bir hissəsidir” - Əli Mustafayev
"Bu, əslində, sülhə və sabitliyə aparan yolda atılmış addım kimi qiymətləndirilə bilər. İsrail artıq Livanın cənub bölgələrində təxminən 15 kilometr irəliləmiş, müxtəlif hərbi hədəfləri və obyektləri vurmuşdu. Növbəti hədəfin isə Livanın paytaxtı Beyrut ola biləcəyi ilə bağlı ehtimallar səslənirdi. Belə bir şəraitdə İran da mövqeyini açıqlayaraq bəyan etmişdi ki, əgər İsrail Livanda genişmiqyaslı əməliyyatlara başlayaraq “Hizbullah”ı tamamilə sıradan çıxarmağa çalışarsa, Tehran atəşkəsdən kənarda qalmayacaq və prosesə qoşulacaq. Məhz bu fonda ABŞ Prezidenti Donald Tramp prosesə müdaxilə etdi. Məlumatlara görə, o, həm İsrailin Baş naziri Benyamin Netanyahu ilə sərt danışıqlar aparıb, həm də Livan hökuməti vasitəsilə “Hizbullah”la təmas quraraq atəşkəsin qorunmasına çalışıb".
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubio açıqlayıb ki, Vaşinqtona Livan hakimiyyəti vasitəsilə “Hizbullah”ın atəşkəslə bağlı mövqeyi çatdırılıb. Mesajda bildirilir ki, İsrail Beyruta qarşı yeni hərbi əməliyyatlara başlamayacağı təqdirdə, “Hizbullah” da İsrail ərazilərinə hücumlardan çəkinəcək və qarşıdurmanın genişlənməsinə yol verməyəcək.
Siyasi şərhçi qeyd edib ki, bu addım bəzi dairələr tərəfindən “Hizbullah”a verilmiş güzəşt kimi qiymətləndirilsə də, proseslərin real mənzərəsi fərqli məqamları ortaya qoyur.
"Çünki İsrail əməliyyatlarını genişləndirərək Livan ərazilərinin dərinliklərinə doğru irəliləyirdi. Bu baxımdan atılan addım həm Livanın daha böyük dağıntılarla üzləşməsinin, həm də “Hizbullah”ın daha ciddi təzyiqlərə məruz qalmasının qarşısını almağa xidmət edib. Ona görə də bunu “Hizbullah”ın güclənməsi kimi deyil, daha çox mövcud vəziyyətdən çıxış yolu və ya müəyyən mənada xilas edilməsi kimi qiymətləndirmək olar. Düzdür, “Hizbullah” da İsrailə qarşı raket və pilotsuz uçuş aparatları ilə cavab zərbələri endirir. Lakin bütün hallarda bu addım bölgədə atəşkəsin qorunmasına və gərginliyin daha da artmasının qarşısının alınmasına xidmət edir. Hesab edirəm ki, bu, ümumilikdə məntiqli və müsbət qiymətləndirilə biləcək addımdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az