- Siyasi müzakirə
- 13 May 21:07
- 900
"Azərbaycanın cavabı sərtdir: Parad qərarı və yerinə yetirilməyən tələblər" -AÇIQLAMA

“Prezident İlham Əliyevin bu il Moskvada keçirilən 9 May Qələbə Paradında iştirak etməməsi, əslində, gözlənilən addım kimi qiymətləndirilə bilər. Bu qərar, ilk növbədə, 2024-cü ilin 20 dekabrında Rusiya hava məkanında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması ilə bağlı insidentə bir cavab olaraq dəyərləndirilməlidir. Həmin hadisədən sonra Azərbaycan tərəfi haqlı və hüquqa əsaslanan bir sıra tələblər irəli sürmüşdü: dövlət səviyyəsində rəsmi üzr istənilməsi, maddi kompensasiya ödənilməsi və insidentin araşdırılması ilə bağlı şəffaf istintaqın aparılması. Lakin bu tələblər hələ də Rusiya tərəfindən yerinə yetirilməyib”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Mətin Məmmədli deyib.
Qeyd edək ki, Ukrayna müharibəsinin yaratdığı geosiyasi fon çərçivəsində Azərbaycan–Rusiya münasibətlərində soyuqluq hiss olunur. Prezident İlham Əliyevin 9 May Qələbə Paradında iştirak etməməsi Moskvada narahatlıqla qarşılanıb. Rəsmi reaksiya olmasa da, Rusiya mediasında və sosial şəbəkələrdə Azərbaycana qarşı tənqidi çıxışlar artıb. Ekspertlərə görə, Moskva bu vəziyyətdə informasiya hücumları və iqtisadi təzyiq kimi alətlərdən istifadə edə bilər
Siyasi şərhçi bildirib ki, Rəsmi Moskva nə baş vermiş insidentə görə üzr istəyib, nə də məsul şəxslərin müəyyən olunması və cəzalandırılması üçün hər hansı ciddi addım atıb.
“Bütün bunlar iki ölkə arasında münasibətlərdə soyuqluğun davam etməsinə səbəb olur. Əgər Rusiya Azərbaycanla münasibətlərini müttəfiqlik və ya strateji tərəfdaşlıq səviyyəsində qorumaqda maraqlıdırsa, Bakı tərəfindən irəli sürülən bu tələbləri nəzərə almaq məcburiyyətindədir. Prezidentin 9 May tədbirinə qatılmaması da məhz bu kontekstdə – siyasi mesaj xarakterli addım kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Azərbaycan Prezidentinin tədbirdə iştirak etməməsindən sonra Rusiya mediasında Azərbaycana qarşı müəyyən təbliğat kampaniyalarının aparılması da diqqətdən yayınmır. Bu, Rusiyanın keçmişdən bu günə qədər istifadə etdiyi “yumşaq güc” və informasiya vasitələri ilə təzyiq mexanizmlərinin bir hissəsidir. Lakin bu cür metodların real siyasi təsir gücü artıq sual altındadır. Hazırda Rusiya Ukrayna ilə müharibədə ciddi itkilərlə üzləşib və bu münaqişəyə fokuslanmalı olduğu halda, postsovet məkanındakı digər dövlətlərə, o cümlədən Azərbaycana qarşı təsir vasitələrindən istifadə etməyə çalışır. Amma bu cəhdlərin uğur gətirməsi ehtimalı olduqca aşağıdır”.
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan daxilində milli həmrəylik mövcuddur, hökumət milli maraqlara əsaslanan siyasət yürüdür və bu siyasət geniş ictimai dəstəyə malikdir:
“Xüsusilə də Qarabağ münaqişəsinin tam həll olunmasından sonra, Azərbaycana qarşı xarici təzyiq aləti kimi istifadə olunan əsas amil də aradan qalxıb. Artıq bu fonda ölkəyə yönəlmiş təbliğat və təzyiqlərin nəticə verməsi mümkün deyil. Nəticə etibarilə, Azərbaycan haqlı mövqedə dayanır və dövlət olaraq kifayət qədər güclüdür. Bu iki amil istənilən xarici təzyiqin neytrallaşdırılmasında əsas rol oynayır. Rusiya mediası və digər platformalar vasitəsilə həyata keçirilən kampaniyalar isə real siyasi nəticələr doğurmaq gücündə deyil”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az