Hindistan Turizm Silahını İşə Salır: Azərbaycan və Türkiyəyə Qarşı Qeyri-Rəsmi Sanksiyalar

“Uzun illərdir davam edən Hindistan–Pakistan qarşıdurması son aylarda lokal çərçivədən çıxaraq daha geniş coğrafiyaya yayılmağa başlayıb. Bu qarşıdurmanın təsirləri artıq regional sərhədləri aşaraq Azərbaycan və Türkiyəyə də sirayət edir. Hindistanın bu iki ölkəyə qarşı turizm, konsert fəaliyyətləri, rəsmi səfərlər və onlayn platformalar vasitəsilə qeyri-rəsmi sanksiyalar tətbiq etməsi bu tendensiyanın ən bariz göstəricilərindəndir. Beləliklə, məsələnin yalnız simvolik və diplomatik deyil, həm də real siyasi və iqtisadi xarakter daşıdığı aydın olur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Xatırladaq ki, Hindistanla Pakistan arasında artan gərginlik artıq regional çərçivəni aşaraq Azərbaycan və Türkiyəyə də təsir göstərməyə başlayıb. Məlumatlara görə, Hindistanın Qoa şəhərində Azərbaycan və Türkiyə vətəndaşlarına turistik ev və villaların rezervasiyası qadağan edilib. Bununla yanaşı, Əhmədabaddakı Caynizm icması Bakıya planlaşdırdığı 800 nəfərlik səfəri ləğv edib. Hindistanlı müğənni Vişal Mişra isə Azərbaycan və Türkiyədə heç vaxt konsert verməyəcəyini açıqlayıb. “Ixigo” onlayn səyahət platforması da bu ölkələrə yönəlik bütün turlar, uçuş və otel rezervasiyalarını dayandırıb.

Siyasi şərhçi bildirib ki, hazırkı vəziyyət ölkələr arasında turizm, iqtisadi və mədəni əlaqələrin sürətlə siyasiləşdiyini göstərir.

“Bu proses uzunmüddətli perspektivdə “yumşaq güc” (soft power) alətlərinin zəifləməsinə və dövlətlərarası münasibətlərin daha çox sərt siyasi-ideoloji rəqabət müstəvisində formalaşmasına səbəb ola bilər. Digər tərəfdən, Hindistanın Azərbaycan və Türkiyəyə qarşı sərgilədiyi bu yanaşma, son illərdə dərinləşən Azərbaycan–Türkiyə–Pakistan müttəfiqliyinin daha da güclənməsinə gətirib çıxara bilər. Bu ittifaqın strateji əməkdaşlıqdan kənar yeni regional və qlobal siyasi çəkidə aktora çevrilmək ehtimalı yaranır. Bütün bu proseslər fonunda Cənubi Asiya ilə Yaxın Şərq və Cənubi Qafqaz bölgələri arasında təhlükəsizlik risklərinin ötürülməsi ehtimalı da artır. Beləliklə, regional sabitlik artıq yalnız lokal aktorların davranışları ilə deyil, qlobal güclərin və ittifaqların maraqları ilə də sıx şəkildə bağlıdır. Bu da yeni geosiyasi düzən kontekstində bölgələrarası qarşılıqlı asılılığın daha da artdığını göstərir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az