- Siyasi müzakirə
- 16 May 22:14
- 1 674
Taktika və təbliğat: Moskvanın İstanbul gedişi nəyi hədəfləyir?

“Rusiya Prezidenti Vladimir Putinin 15 may tarixində İstanbulda danışıqların davam etdirilməsi təklifini irəli sürməsi Moskvanın beynəlxalq siyasi konfiqurasiyadakı dəyişiklikləri nəzərə alaraq taktiki manevridir. Bu təşəbbüsün Putinin şəxsi qərarı kimi qiymətləndirilməsi tam mənzərəni əks etdirmir. ABŞ-də Rusiya ilə bağlı etimadsızlığın artması və beynəlxalq təcridin dərinləşməsi fonunda Moskva, xüsusən də Çinin vasitəçilik təşəbbüsləri fonunda daha yumşaq mövqeyə keçməyə çalışır. Çin liderinin Rusiya səfərindən dərhal sonra Pekinin Moskvanı atəşkəsə razı salmağa çağırması bu istiqamətdə ciddi koordinasiyanın göstəricisidir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Xatırladaq ki, Kreml, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında İstanbulda görüş keçirilməsi üçün bir sıra şərtlər irəli sürmüşdü. Lakin Putin bu görüşdə iştirak etmədi. Şərtlər arasında ABŞ-nin danışıqların konstruktiv məcrada aparılmasına təminat verməsi də yer alırdı. Rusiya, ilk növbədə, Vaşinqtonun İstanbul danışıqları ilə bağlı mövqeyini öyrənmək istəyirdi. Bundan əlavə, Kreml hesab edirdi ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Zelenskiyə populist və emosional çıxışlar üçün meydan verməməli, danışıqlar əvvəlcədən razılaşdırılmış konstruktiv xətt üzrə aparılmalı idi.
Politoloq bildirib ki, Rusiya tərəfi İstanbul görüşü ilə bağlı əvvəlcədən Ukraynanın iştirakdan imtina edəcəyi ehtimalı üzərində təbliğat strategiyası qurmağa çalışırdı.
“Bu halda Moskva “danışıqlara açığıq, lakin qarşı tərəf qeyri-konstruktivdir” arqumentindən istifadə etməyi planlaşdırırdı. Lakin Ukrayna tərəfinin dərhal danışıqlara razılıq verməsi Moskvanın bu informasiya üstünlüyünü əldən almış oldu. Əhəmiyyətli məqamlardan biri də odur ki, Rusiya Prezidenti Putin İstanbul danışıqlarında şəxsən iştirak etmədi. Bu, Kremlin danışıqlara simvolik deyil, daha çox taktiki baxışla yanaşdığını göstərir. Əsas məqsəd müəyyən diplomatik dividendlər qazanmaq və Rusiya ictimaiyyətinə “sülh istəyən tərəf” obrazını təqdim etməkdir. Moskvanın danışıqlardan gözləntiləri isə kifayət qədər aydındır: Krımın Rusiya ərazisi kimi tanınması, Ukraynanın NATO üzvlüyündən imtina etməsi və təhlükəsizlik zəmanətlərinin əldə olunması. Bu tələblər həm ABŞ, həm də Avropa İttifaqı tərəfindən qeyri-real və maksimalist mövqe kimi qiymətləndirilir. Ukrayna informasiya müstəvisində Rusiya üzərində üstünlük qazanıb. Prezident Zelenskinin fəal beynəlxalq kommunikasiya siyasəti Rusiya təbliğatına qarşı effektiv sipər rolunu oynayır. Moskva isə bu üstünlüyü balanslaşdırmaq üçün danışıqlar prosesini öz maraqları çərçivəsində yönləndirməyə çalışır”.
Politoloq əlavə edib ki, mövcud vəziyyət tərəflər arasında ciddi siyasi və strateji ziddiyyətlərin hələ də davam etdiyini göstərir:
“Moskvanın taktiki yumşalmaları və diplomatik təklifləri, əslində, strateji hədəflərdən geri çəkilməyə deyil, sadəcə mövcud təzyiqləri yumşaltmağa xidmət edir. Beləliklə, İstanbulda danışıqların təşkili müəyyən dərəcədə diplomatik mühitin saxlanmasına töhfə versə də, real və dayanıqlı nəticələrin əldə olunması üçün tərəflərin maksimalist mövqelərdən geri çəkilməsi və daha praqmatik gündəmlə çıxış etməsi zəruridir. Əks halda, bu proses növbəti siyasi manipulyasiya alətinə çevrilmək riskini daşıyır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az