​“Mərkəzi Asiyanın enerji resurslarının daşınması məhz bu yeni xəttlə mümkün ola bilər” – Şəhla Cəlilzadə

"Zəngəzur dəhlizi Ermənistanda baş tutan Avropa Siyasi Birliyinin Zirvəsində, o cümlədən Aİ–Ermənistan sammitində müzakirə olunan əsas mövzulardan biri oldu. Avropa İttifaqı rəsmiləri bu layihəyə dəstəyini bir daha ifadə etdilər. Ermənistan hakimiyyəti hələ 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanata imza atdığı gündən bəri regional kommunikasiyaların açılması öhdəliyini götürüb. Bu istiqamətdə ilkin dövrdə mövcud olan ikitərəfli qarşılıqlı anlaşmazlıqlar, o cümlədən Rusiyanın yeni nəqliyyat-kommunikasiya qovşağının Ermənistandan keçən hissəsində nəzarət məsələsində israr etməsi kimi amillər prosesi ləngidirdi. Lakin 8 avqust 2025-ci il tarixində Vaşinqtonda tarixi üçtərəfli bəyannamə, bu dəfə ABŞ-ın vasitəçiliyi ilə imzalandı və bununla regional kommunikasiyaların açılması üçün əməli fəaliyyətə start verildi. ABŞ TRIPP layihəsi (Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsi) üzrə ilkin vəsaiti — 143 milyon dollar — ayırıb və artıq tikinti işlərinə başlanılıb. Aİ də bu istiqamətdə işlərə eyni həcmdə maliyyə dəstəyi vermək niyyətini bəyan edib. Hələ 2024-cü ildə Aİ Ermənistan üçün İnkişaf Planını qəbul edərkən nəqliyyat-logistika imkanlarının inkişaf etdirilməsi üçün vəsaitlər nəzərdə tutmuşdu. Göründüyü kimi, Ermənistanın regional kommunikasiya şəbəkəsinə qoşulması Avropanın strateji maraqları çərçivəsində yer alır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Ermənistanın regional ticarət qovşağına çevrilə biləcəyi bildirilir. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen İrəvanda keçirilən Ermənistan–Aİ sammitinin yekunlarına dair çıxışında danışıb. O, rəsmi Brüsselin regionda yeni ticarət yollarının qurulmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Ursula fon der Lyayen bildirib ki, Ermənistan Mərkəzi Asiyaya və Xəzər dənizinə çıxışı təmin edən ən qısa marşrut üzərində yerləşir. Onun sözlərinə görə, müharibə və geosiyasi səbəblər bu marşrutun uzun müddət bağlı qalmasına səbəb olub. “Sizin sülh istiqamətində atdığınız addımlar və Avropa şəbəkələrinə inteqrasiya seçiminiz mövcud vəziyyəti dəyişir. Bu isə Ermənistanın yeni ticarət marşrutlarında, xüsusilə kritik xammalların daşınması sahəsində regional qovşağa çevrilməsi üçün imkan yaradır”, – deyə o vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, xüsusilə Rusiya–Ukrayna müharibəsi nəticəsində Avropanın alternativ enerji və nəqliyyat xətlərinə ehtiyacı yaranıb.

"Bu mənada Zəngəzur dəhlizi Avropa üçün yeni nəfəs olacaq. Bu dəhliz həm enerji xətlərini, həm də avtomobil və dəmir yolu vasitəsilə yeni nəqliyyat şəbəkəsini formalaşdıracaq. Gələcəkdə Mərkəzi Asiyanın enerji resurslarının daşınması da məhz bu xəttlə mümkün ola bilər. Bu, eyni zamanda Ermənistanın dalan ölkə vəziyyətindən qlobal əhəmiyyətli keçid ölkəsinə çevrilməsinə, dövlətin bu layihələrdən böyük həcmdə iqtisadi faydalar əldə etməsinə yol açacaq. Ermənistan bu imkanları məhz işğalçı siyasətinə son verdiyi üçün qazanır. Bu, Paşinyanın “Sülh kəsişməsi”, “Sülh erası”, “4-cü Respublika”, “Real Ermənistan” kimi tezislərinin qarşılıqlı bağlılığını nümayiş etdirir. Uzunmüddətli perspektivdə bu tezislər regionu bir-birinə və dünyaya daha da sıx bağlayaraq bütün tərəflərin inkişafı hədəfləyən maraqlarının reallaşmasına xidmət edəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az